...

Day.Az media şirkətinin PR üzrə direktoru yaxın planlar, internet və reklam sahəsi haqqında

Cəmiyyət Materials 25 Fevral 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Trend-in Day.Az media şirkətinin PR uzrə direktoru Elina Şıxməmmədova ilə müsahibəsi

- Bu il Day.Az media şirkətinin inkişaf layihələri üzrə planları hansılardır?

- Hər şeydən əvvəl qeyd etmək istərdim ki, bu gün Day.Az və Milli.Az ölkəmizdəki portallar arasında həm baxılma, həm də istinad etmə səviyyəsinə görə liderdir. Day.Az isə bütün Cənubi Qafqazda liderlik edir. Planlar, ilk növbədə, Day.Az və Milli.Az portallarının xəbərlər kontentini genişləndirmək və dərinləşdirmək, onu daha geniş oxucu auditoriyası üçün maraqlı etmək, axtarış optimizasiyasını yaxşılaşdırmaq, sosial şəbəkələrdə fəal iş aparmaqdan ibarətdir.

Bu yaxınlarda "Mənim Day" (Мой Day) sosial şəbəkəsinin dizayn və funksionallığını yeniləyəcəyik, xeyli sayda yeni alətlər kompleksini tətbiq edəcəyik. Sırada "Musiqi" və "DayTube" bölmələrinin müasirləşdirilməsi, bir neçə yeni servisin buraxılması, bloq sahəsinin inkişafı, xüsusilə də korporativ bloq istiqamətinə, yəni hazırda Avropa və dünyada qabaqcıl olan bütün alətlərə xüsusi əhəmiyyətin verilməsi dayanır.

Bu yaxınlarda Rusiya bazarının lideri "HeadHunter" ilə birgə buraxılmış "İş" xidmətinin inkişafına xüsusi diqqət ayırmaq istərdim. Yaxın vaxtlarda, həmçinin Milli.Az-ın yenilənmiş versiyası buraxılacaq. Həmin versiya xarici və daxili parametrlərinə görə dünyanın iri KİV və internet servislərinin səviyyəsinə uyğun olacaq.

Biz əlbəttə ki, dünyanın onlayn KİV-nin trendlərinə uyğun olaraq yeni reklam alətlərinin layihələrdə tətbiqini planlaşdırırıq. Bu, reklamverənlərə reklamların yerləşdirilməsi üçün fokus qrupunu daha dəqiq uyğunlaşdırmağa imkan verən beynəlxalq tərəfdaşlarla birlikdə yeni reklam formatları, araşdırma və təhlil alətlərinin tətbiqi deməkdir.

- İnternet reklamının beynəlxalq inkişaf təcrübəsi və onun bizim seqmentimizdə əks olunması necədir?

- Azərbaycanda internetin inkişafı dünya trendlərinə uyğundur. Biz İT sektorunun ən sürətlə inkişaf etdiyi ölkələrin siyahısındayıq. Ötən il ölkədə internetin nüfuz səviyyəsi 70 faizə çatıb. Lakin reklamın həcminə gəldikdə, bu zaman bir çox ölkələrin təcrübəsi göstərir ki, internet reklamı bazarı effektiv internet-resursların trafikinin müstəqil hesablanması olmadan inkişaf edə bilmir.

Bəzi hallarda reklamın həcminin böyüdülməsi üçün xarici internet meydançaları hətta birləşirlər və öz hesablarına ölkəyə reytinq ölçmələri üzrə şirkətlər gətirirlər. Bu çox vacibdir, çünki iri beynəlxalq reklam şirkətləri qlobal ofislər səviyyəsində qərarlar qəbul edirlər. Həmin şirkətlərin əməkdaşları isə dünyanın müxtəlif regionlarında yerləşən bütün media resursları haqqında məlumatlı ola bilməzlər. Ona görə də reklam büdcələrinin paylaşdırılması haqqında qərarların qəbul edilməsi zamanı onlar tanınan müstəqil ölçmələrin məlumatlarına istinad edirlər. Belə ki, məsələn, Rusiya və Qazaxıstanda "TNS Gallup"un, Belarus və Ukraynada isə "Gemius"un araşdırmaları dominantlıq edir. Təəssüf ki, reklam şirkətlərimiz ölçülərdə şəffaflığın yaradılması prosesi təşəbbüsü ilə çıxış etmir və internetimizə kifayət qədər büdcə axınını təmin edə bilmirlər.

Qeyd etmək istərdim ki, şirkətimizin internet resursları trafikinin artmasının yüksək dinamikası internetdə reklamın həcminin artımına heç cür uyğun deyil. Əgər bir neçə il əvvəl perspektivləri qiymətləndirərək reklam menecerləri ştatını yığmasaydıq və onları xaricə təhsilə göndərməsəydik, hazırda şirkətmiz üçün vəziyyət çətin olardi. Amma reklam toplamaq medianın işi deyil.

Reklam sirkətlərinin işinin belə quruluşu bütün mətbuat üçün də çox təhlükəli tendensiyadır.

İnternetimizdə kiçik reklam səbəti iqtisadiyyat problemləri və ya internet məkanının inkişaf səviyyəsi ilə deyil, yerli reklam biznesi ilə əlaqədardır. İnternetdə reklam digər sahələrdən böyük dinamikliyi və mürəkkəbliyi ilə fərqlənir. İnternetdə texnoloji səmərəli yerləşdirmə həm icraçılar, həm də menecment səviyyəsində ciddi peşəkar baza tələb edir.

- Vəziyyətin inkişafına dair proqnozlarınız necədir?

- Vəziyyət birmənalı olaraq dəyişəcək. Lakin hər halda ən yaxşısı özümüzə inanmaqdır. Biz özümüz saytların trafik araşdırmalarının bazarımıza tətbiqinə dair imkanlarımızı yoxlayırıq. Hazırda faktiki olaraq, saytlar üçün potensial reklamverənlərin iki qrupu var: yerli şirkətlər və xarici reklamverənlər. Yerli şirkətlərlə işin təşkili nisbətən asandır, lakin çox vaxt mediada reklamın yerləşdirmə alətlərinin seçilməsi zamanı onların qərar qəbulu ilə bağlı ciddi çətinlikləri yaranır. Hər bir internet resursu auditoriyanın sayının hesablanması ilə bağlı müxtəlif metodlardan istifadə edir: bəziləri "google analytics", bir qrupu "livinternet", digəri "yandeks metrika"sı və s.-dən istifadə edirlər. Vahid ölçü standartı olmadığına görə öz hesabatlılıqlarını təhrif edən, bazarın oyunçularını yanıldan internet resurslarına rast gəlmək olur. Belə yalanın nəticəsi olaraq, saxtalaşdırılmış statistikaya bir dəfə aldanan bəzi müştərilər yerləşdirmədən səmərə görmür və investisiya yatırmaq üçün potensial kanal kimi ümumilikdə internetdən imtina edirlər.

Xaricdən gələn reklamın həcminə gəlincə, artıq qabaqcıl saytların internet menecmentinə birləşmək və reklam şirkətləri ilə mövcud vəziyyəti öyrənmək lazımdır.

Ümumilikdə, 2013-cü ildə biz ciddi irəliləyişə ümid edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti