...

Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bir sıra ölkələrdən olan uşaqlar arasında dialoq yaradılıb

Cəmiyyət Materials 25 Fevral 2013 17:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bazar ertəsi Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş tədbir keçirib.
Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bir sıra ölkələrdən olan uşaqlar arasında dialoq yaradılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bazar ertəsi Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Xocalı sakinləri, uşaqlar və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı soyqırımı haqqında məlumat verib.

O qeyd edib ki, bu qanlı hadisə Azərbaycanın yeni tarixində dərin iz buraxıb: "Bu, ermənilərin azərbaycanlılara qarşı aparılan qanlı siyasətin bir hissəsidir. Dağlıq Qarabağda məlum hadisələr başladıqdan sonra ermənilərin soyqırım taktikası bu regionda da başladı, xocalılara qarşı bu amansız qırğın törədildi. Bu qanlı aksiya amansızlığına görə faşistlərin törətdiyi cinayətləri də üstələyib. Xocalıda əsl soyqırım törədilib".

Hüseynova qeyd edib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, vətəndaş cəmiyyəti səy göstərməlidir.

O, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işləri təqdirəlayiq hal hesab edib.

"Biz Xocalı soyqırımını unutmamalıyıq, gələcək nəsillərə bu barədə ətraflı məlumatlar ötürməliyik", - Hüseynova vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, Xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmamalıdır: "Bunun üçün lazımi işlər görülür. Biz imkan verməməliyik ki, bizim gələcək nəsillərimiz bu cür hadisələrlə üzləşsin. Dünya ictimaiyyətinin bu hadisələrə hüquqi qiymət verməməsi gələcəkdə də belə hadisələrin baş verməsinə dəstək kimi qiymətləndirilməlidir".

O, əmin olduğunu deyib ki, gec-tez Xocalı soyqırımının günahkarları ədalət qarşısında cavab verəcəklər, heç bir cinayət cəzasız qalmayacaq.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov da tarixən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən faciələr haqqında danışıb.

O qeyd edib ki, ermənilər tarix boyu Azərbaycanın geostrateji mövqeyinə, təbii sərvətlərinə göz dikib və nəhayət 1 milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb. Fərhadov bildirib ki, bu işğal nəticəsində Azərbaycan xalqına böyük maddi və mənəvi zərər dəyib.

O qeyd edib ki, Xocalı soyqırımı qabaqcadan düşünülmüş və planlaşdırılmış soyqırım idi, bu kimi cinayət ancaq erməni vandalizminə xas ola bilərdi.

Tədbirdə çıxış edən digər iştirakçılar da ermənilər tərəfindən törədilmiş bu cinayətə beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, Ermənistan terroru və terrorçuluğu dəstəkləyən bir dövlətdir və bu fakt dünya ictimaiyyətinə çatdırılmalıdır.

Tədbir zamanı, həmçinin Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Azərbaycan Gələcəyi" Uşaq və Gənclər Təşkilatının üzvləri ilə Hindistan, Tunis, Livan, Fələstin, Latviya, Ukrayna, Almaniya, Vyetnam, Monteneqro, Kipr, Finlandiya, ABŞ, Rumıniya, Qazaxıstandan olan uşaqlar arasında internet vasitəsilə dialoq yaradılıb.

Həmçinin, tədbir çərçivəsində Xocalıdan olan yazıçı-publisist Səriyyə Müslümqızının "Xocalı uşaqları - Qan içində qar çiçəyi" kitabının təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti