...

Azərbaycan daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizini gənc əməkdaşlar təşkil edir

Cəmiyyət Materials 28 Fevral 2013 15:37 (UTC +04:00)
Azərbaycan daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizini gənc əməkdaşlar təşkil edir. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edərkən bildirib.
Azərbaycan daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizini gənc əməkdaşlar təşkil edir

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizini gənc əməkdaşlar təşkil edir. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edərkən bildirib.

Daxili işlər naziri qalibləri təbrik edərək son illər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını, dövlət başçımızın çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib.

Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, eyni zamanda, respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaş olduğunu diqqətə çatdırıb.

O deyib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər DİO-da xidmətə qəbul üçün müraciət edib, onlardan "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb.

Qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36 ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb.

DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədilə "Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları"na əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in İnternet saytında elanlar verilib.

İmtahanları müvəffəqiyyətlə vermiş 82 gəncin DİO-da xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb. Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vakant vəzifələrə təyin edilib.

Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə möhtərəm Prezidentimizə təşəkkürünü bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov "polis leytenantı" xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti