Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.
Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi qərarda belə qeyd olunur.
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hisssəinin 3-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 63,64 və 71 -ci maddələri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi və Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi baxımından şərh edilməsini xahiş edib.
KM-nin Plenumu belə nəticəyə gəlib ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.
Qeyd edək ki, mövcud variantda Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilir ki, bu Məcəllənin 177-185-ci, habelə 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu məcəllənin 177-185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.