Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır.
Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası Dünyamin Novruzov Trend-ə bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır.
Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Hüquqşünas qeyd edib ki, əmək qanunvericiliyinə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir.
Bu halda, işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəməlidir.
Vergi Məcəlləsinin tələbinə görə, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.
Həmşinin müddətli həqiqi hərbi xidmətdə olduğu dövr şəxsin sığorta stajına daxil edilir.
Belə ki, həqiqi hərbi xidmət hərbi xidmətin növlərindən biri kimi nəzərdə tutulur. "Əmək pensiyaları" haqqında Qanunun tələbinə görə hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil olunur.
Azərbaycanda işçi həqiqi hərbi xidmətdə olduğu zaman onun hüquqları necə qorunmalıdır?
Azərbaycanda işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır.