Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/
2012-ci ildə 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşrin uçotu aparılıb. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3800, mətbu nəşrlərin sayı isə 4700-ü ötüb. Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov idarədə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, QHT-lərə qrantların verilməsi haqqında qeydə alınmış müqavilələr üzrə ümumi məbləğ 2011-ci illə müqayisədə 20 faiz artaraq 39 milyon 542 min 569 manat təşkil edib, qanunverciliyi və nizamnamə tələblərini pozan 187 təşkilata xəbərdarlıq edilib, qanun pozuntularının aradan qaldırılması barədə 11 göstəriş verilib.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılıb,
Notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayı son 10 ildə 3 dəfədən çox artaraq 2012-ci ildə 4,4 milyona çatıb. Həmçinin, xüsusi notariat institutunun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib. Artıq ölkədə bütün notariat korpusunun üçdə birindən çoxunu xüsusi notariuslar təşkil edir.
1927-ci ildən bəri 1,3 milyona yaxın notariat sənədini ehtiva edən Dövlət Notariat Arxivində vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb.
Azərbaycanda 55-i xüsusi qaydada olmaqla, ümumilikdə 153 notaiat kontoru fəaliyyət göstərir. Ötən il ümumilkdə 4,4 milyon əməliyyat aparılıb. Bu isə 2011-ci illə müqayisədə 23 faiz artım deməkdir.
Əməliyyatların sayının artması əsasən, SSRİ dövründən qalma əmanətlərin birdəfəlik qaydada verilməsi ilə bağlıdır.
Belə ki, ötən il 164 min vərəsəlik hüququ ilə bağlı səhadətnamə verilib ki, bu da 2011-ci illə müqayisədə 9 dəfə çoxdur.