Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/
Ötən il Ədliyyə Nazirliyinin notariat kontorlarında müəyyən hüquq pozuntuları qeydə alınıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.
"Hüquq pozuntuları olmasaydı, notariat fəaliyyətinə nəzarətə də ehtiyac olmazdı. Amma qanunvericiliklə notariat fəaliyyətinə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da nəzarət var. Bu nəzarət də həm Ədliyyə Nazirliyi, həm də məhkəmələr tərəfindən həyata keçirilir", - o deyib.
Məmmədov qeyd edib ki, hər hansı hüquq pozuntusu qeydə alındıqda notaruislara xəbərdarlıq edilir. Dövlət notariusudursa, ona töhmət, şiddətli töhmət və ya vəzifədən azad etmə kimi cəza tədbirləri tətbiq olunur.
"2012-ci ildə 14 notariusa xəbərdarlıq edilib. Bundan başqa, bir neçə dövlət notariusu intizam qaydasında cəzalandırılıb. Bu tədbirlər davam edir və bu sahə daim nəzarətdə saxlanılır", - idarə rəisi açıqlayıb.
İdarə rəisi qeyd edib ki, hüquqpozmalar əsasən kargüzarlığın aparılmasında, vətəndaşlara kifayət qədər izah və məlumat verilməməsi ilə bağlıdır.
"Lakin bu hüquqpozmalar arasında hər hansı ciddi qanun pozuntusu, xüsusən də cinayət xarakterli hal qeydə alınmayıb. Ola da bilməz. Çünki biz son illər notariusların seçilməsinə xüsusi diqqət yetiririk. Notarius vəzifəsinə seçilmə prosesi olduqca mürəkkəbdir. Onlar bir neçə mərhələdə imtahan və müsahibədən keçirlər. Seçim prosedurlarını izləmək üçün QHT-lərin, beynəlxalq təşkilatların və KİV nümayəndələrini dəvət edirik, onların rəyləri öyrənilir", - Məmmədov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 55-i xüsusi qaydada olmaqla, ümumilikdə 153 notariat kontoru fəaliyyət göstərir. Ötən il notariat orqanlarında ümumilikdə 4,4 milyon əməliyyat aparılıb. Bu isə 2011-ci illə müqayisədə 23 faiz artım deməkdir.