...

Ombudsman Aparatında Biznes və insan hüquqları üzrə işçi qrup yaradılıb

Cəmiyyət Materials 16 Mart 2013 14:44 (UTC +04:00)
Ombudsman Aparatında Biznes və insan hüquqları üzrə İşçi qrupunun ilk toplantısı keçirilib.
Ombudsman Aparatında Biznes və insan hüquqları üzrə işçi qrup yaradılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Ombudsman Aparatında Biznes və insan hüquqları üzrə İşçi qrupunun ilk toplantısı keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsman Aparatında təşkil olunan tədbirdə İqtisadi İnkişaf, Vergilər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Əmək Müfəttişliyinin, Həmkarlar İttifaqı Konfederasiyasının, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Milli QHT Forumunun məsul şəxsləri və digər QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Biznes və insan hüquqları üzrə İşçi qrupunun məqsədinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsi, pozuntu hallarının aradan qaldırılması, bu fəaliyyətin inkişafında yeni istiqamətlərin müəyyən olunması, qeyd olunan sahədə dövlət nəzarətinin və məsuliyyətin gücləndirilməsi, 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" ölkə Prezidentinin Sərəncamından irəli gələn müvafiq vəzifələrin icra edilməsi, beynəlxalq hüquq normaları və prinsiplərinin milli qanunvericiliyə tətbiqinin təmin edilməsindən ibarət olduğunu qeyd edib.

Müvəkkil bu sahədə maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, sahibkarlar, işə götürənlər və işçilər, istehlakçılar üçün hüquqi maarifləndirici nəşrlərin, reklam çarxlarının hazırlanmasının və yayılmasının vacibliyini vurğulayıb.

Süleymanova biznes və insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsiplər barədə məlumat verərək, Ombudsman Aparatı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş BMT-nin Global Saziş"i, Biznes və İnsan hüquqları üzrə rəhbər prinsiplər"i və Milli İnsan Hüquqları İnstitutlarının bu sahədə mandatlarının Paris Prinsipləri çərçivəsində gücləndirilməsini, fəaliyyətlərinin genişləndirilməsini və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində birgə səylərin artırılmasını nəzərdə tutan "Edinburq Bəyannaməsi"ni tədbir iştirakşılarının diqqətinə çatdırmış, həmin sənədlər İşçi qrupun üzvlərinə paylanıb.

Müvəkkil qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verərək ilkin olaraq bu sahədə beynəlxalq hüquqi sənədlərin diqqətlə öyrənilməsinin, İşçi qrupun üzvləri tərəfindən təklif və tövsiyələrin təqdim olunmasının, bütün regionlarda maarifləndirmə işinin təşkilinin və gələcəkdə bu istiqamətdə keçiriləcək tədbirlərdə sahibkarların da iştirakının təmin edilməsinin, digər aidiyyəti dövlət qurumlarının və QHT nümayəndələrinin də qrupun işinə cəlb olunmasının, biznes və insan hüquqları üzrə elektron məlumat bazasının yaradılmasının əhəmiyyətini vurğulayıb.

Toplantıda əlaqələndirici qurum kimi Ombudsman təsisatı müəyyən edilib, İşçi qrupunun əsasnaməsinin və müvafiq iş planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, bu istiqamət üzrə aidiyyəti dövlət qurumları nümayəndələri və QHT təmsilçilərindən ibarət tərkibdə İşçi qrupunun yaradılması bu ilin fevral ayında Ombudsman Aparatında "Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri" mövzusuna həsr olunmuş dəyirmi masada qərara alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti