...

Beynəlxalq Novruz Günü Meksikada qeyd edilib (FOTO)

Cəmiyyət Materials 22 Mart 2013 15:48 (UTC +04:00)
2013-cü ilin 21 mart tarixində Meksika Konqresi və Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyası tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilmişdir.
Beynəlxalq Novruz Günü Meksikada qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

2013-cü ilin 21 mart tarixində Meksika Konqresi və Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyası tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İrak və Pakistanın Meksikadakı diplomatik nümayəndəliklərinin rəhbərləri, Deputatlar Palatasının üzvləri və Meksikanın İslami Qadınlar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir İlqar Muxtarov tədbir iştirakçıları və Novruz bayramını qeyd edən xalqları təbrik edərək, Novruz bayramı haqqında toplantı iştirakçılarına məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında "Beynəlxalq Novruz günü" qətnaməsi qəbul olunmuş, habelə 2009-cu ildə Novruz bayramı YUNESKo-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilmişdir.

İlqar Muxtarov Meksikanın Deputatlar Palatasının üzvlərinə 2011-ci ilin mart ayından ənənəvi olaraq hər il Novruz bayramının Meksika Konqresində qeyd edilməsi üçün verilən dəstəyə görə öz təşəkkürünü bildirib.

Daha sonra, konfrans iştirakçılarına Novruz bayramı haqqında Azərbaycan səfirliyi tərəfindən hazırlanmış təqdimat nümayiş etdirilmiş, görüş iştirakçılarına Novruz bayramının tarixi və xüsusiyyətləri barədə əlavə məlumatlar verilmişdir.

Tədbirdə, həmçinin İran, Pakistan və İrakın diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış etmiş və Novruz bayramının öz ölkələrində keçirilmə tarixindən və xüsusiyyətlərindən bəhs etmişlər.

Tədbirdə, həmçinin Meksikanı Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyası və İslami Qadınlar Cəmiyyətinin nümayəndələri çıxış edərək, Novruz bayramını qeyd edən xalqları təbrik edərək, bu bayramın sülh və barış adətlərindən danışmış, bir çox dünya ölkələrinin örnək götürməsinin vacibliyini vurğulamışdır.

Novruz bayramı haqqında çıxışlar və təqdimatlardan sonra iştirakçı ölkələrin səfirləri və tədbirin təşkilatçıları auditoriyanın suallarını cavablandırmışlar.

Konfrans zamanı Meksika Konqresinin televiziya kanalı tərəfindən video-çəkiliş aparılmışdır.

Tədbirdən sonra, görüş iştirakçıları Meksika Parlamentində Novruz bayramı münasibəti ilə 2011-ci ilin mart ayında Azərbaycan, İrak və İran səfirlikləri tərəfindən əkilmiş ağacların yerləşdiyi Konqresin İctimai Park ərazisini ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2011-ci ilin mart ayında Novruz bayramı münasibəti ilə Konqresin park ərazisində Səfirlik tərəfindən Azərbaycandan gətirilmiş ağacın əkilməsi təmin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti