...

Azərbaycan və ATƏT insan hüquqları sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər

Cəmiyyət Materials 27 Aprel 2013 17:26 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayı və onu müşayiət edən şəxsləri qəbul edib.
Azərbaycan və ATƏT insan hüquqları sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayı və onu müşayiət edən şəxsləri qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

Süleymanova ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb, fəaliyyət dövrü ərzində bu nüfuzlu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığı, səmərəli təcrübə mübadiləsinin aparıldığını söyləyib.

Müvəkkil, habelə son illər ərzində təsisatda hazırlanmış və tərcümə edilmiş hüquqi nəşrlər haqqında geniş məlumat verib, həmçinin bu nəşrlərin hazırda ombudsman tərəfindən ölkənin hər bir rayonunda keçirilən ictimai dinləmələr zamanı iştirakçılara paylandığını qeyd edib.

Süleymanova qonaqlara müvafiq dövlət məmurları, hüquqşünaslar və hüquq fakültəsinin tələbələri tərəfindən asanlıqla mənimsənilməsi məqsədilə bir sıra hüquqi nəşrlərin vahid məcmu şəklində hazırlanıb çap edilməsini tövsiyə edib. O, qonaqlara İşgəncə Əleyhinə Assosiasiyanın "Polisdə Həbsin Monitorinqi" adlı praktiki bələdçi kitabının Azərbaycan dilinə tərcüməsinin məqsədəuyğun olduğunu söyləyib və müvəkkilin bu təklifi qonaqlar tərəfindən müsbət qarşılanıb.

Tarqay müvəkkilə səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkürünü bildirib, habelə insan hüquqlarının müdafiəsində böyük rol oynayan ikitərəfli əlaqələri yüksək dəyərləndirib, gələcək əməkdaşlığın insan hüquqlarının müdafiəsi istiqamətində səylərin artırılması prosesində mühüm rol oynayacağını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti