Azərbaycan, Bakı, 1 may /Trend/
Aprelin 30-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin nüfuzlu universitetlərindən olan Orta Doğu Texniki Universitetinin (ODTÜ) Beynəlxalq Münasibətlər Fakültəsinin tələbələri ilə görüş keçirib.
Tədbiri sözügedən ali təhsil ocağının Beynəlxalq Münasibətlər kafedrasının müdiri, tanınmış alim Prof. Dr. Hüseyin Bağcı aparıb.
ODTÜ-nün Beynəlxalq Münasibətlər kafedrasının çox sayda tələbə və müəlliminin iştirak etdiyi toplantıda Araz Əzimov ölkəmizin 1991-ci ildə müstəqilliyini yenidən əldə etməsindən sonrakı siyasi tarixi ilə bağlı mühüm məlumatlar verib.
Nazir müavini Azərbaycanın çox mühüm geo-strateji mövqeyindən, Ermənistanın tarix boyu ölkəmiz əleyhinə olan plan və addımlarından, Azərbaycanın təcavüzə məruz qalmasına baxmayaraq, Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə aldırmayaraq inkişafa nail ola bilməsindən, strateji əhəmiyyətə malik regional və beynəlxalq səviyyəli layihələrlə Azərbaycanın inkişaf sürətinin getdikcə artacağından, Ermənistanın düşünülməmiş siyasəti ilə özünü regiondan və beynəlxalq aləmdən təcrid etməsindən, Azərbaycan torpaqlarının işğalı ilə mövcud vəziyyətin davamının getdikcə Ermənistana zərər verdiyindən, Ermənistanın iqtisadi, demoqrafik və sosial fəlakətə doğru sürükləndiyindən və ATƏT-in Minsk Qrupunun fəaliyyət və Azərbaycanın problemin həlli istiqamətində olan rasional təkliflərindən və əsaslı bir şəkildə söz açıb.
Tədbir sual-cavab hissəsi ilə davam edərək başa çatıb.