Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/
Milli Televiziya və Radio Şurası öhdəliyi yerinə yetirməyən prodakşnları məhkəməyə verəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.
O qeyd edib ki, vəsait ayrılan zaman prodakşnlarla müqavilə bağlanacaq: "Hüquqi cəhətdən müqavilədə şərtlər olacaq ki, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə, həmin vəsaitin geri alınması üçün məhkəməyə müraciət oluna bilər. Təbii ki, biz də bunu yoxlayacağıq".
Məhərrəmli deyib ki, bu günədək ayrılan vəsaitlərlə bağlı problem yaşanmayıb.
O, eyni zamanda qeyd edib ki, seriallar üçün ayrılan vəsaitlər bundan sonra hissə-hissə telekanallara və prodakşnlara veriləcək: "Hətta bu il üçün nəzərdə tutulan pul vəsaiti gələn ilə də keçirilə bilər. Bu, vəziyyətdən asılıdır. Əgər görsək ki, çəkilən serial daha keyfiyyətlidir, ona maliyyə vəsaitinin verilməsini daha da sürətləndirəcəyik".
Qeyd edək ki, Azərbaycanda bu il serialların çəkilməsi üçün dövlət tərəfindən kanallara və prodakşnlara 6 milyon manat vəsait ayrılacaq.
Məhərrəmli yaxın günlərdə vəsaitin ayrılması ilə bağlı qərarın veriləcəyini bildirib.