...

Milli Məclis və UNİCEF uşaq hüquqları və biznes prinsiplərini müzakirə edirlər

Cəmiyyət Materials 22 May 2013 10:44 (UTC +04:00)
Azərbaycan Milli Məclisində UNİCEF-in də dəstəyi ilə “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda dəyirmi masa öz işinə başlayıb.
Milli Məclis və UNİCEF uşaq hüquqları və biznes prinsiplərini müzakirə edirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində UNİCEF-in də dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda dəyirmi masa öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard, deputatlardan Hadı Rəcəbli, Ziyad Səmədzadə, Vahid Əhmədov və digərləri, həmçinin BMT-nin rezident əlaqələndiricisi Antonios Broek iştirak edirlər.

Milli Məclisin vitse-spikeri Bahar Muradova tədbirin açılışında bildirib ki, Azərbaycan UNİCEF-lə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində geniş əməkdaşlığa malikdir:

"Uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı, təhsili, təhlükəsizliyi məsələlərinə diqqət yetirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycan bu sahədə xeyli nailiyyətlərə imza atıb".

Muradova qeyd edib ki, biznes qurumları öz fəaliyyətləri zamanı uşaqların əməyinin istismarının aradan qaldırılması məsələlərinə diqqət ayırmalıdırlar.

Vitse-spiker uşaqlar üçün təhlükəsiz qidaların istehsalının, uşaq hüquqlarını dəstəkləyən sosial reklamların çəkilməsinin vacibliyini vurğulayıb:

"Azərbaycan o ölkələrdəndir ki, burada uşaq əməyinin vəziyyəti bir sıra inkişaf etmiş ölkələrdən yaxşıdır. Lakin yenə də bəzi hallarda problemlər var. Bu, uşaq əməyindən istifadə olunmasıdır və bununla daha çox valideyn himayəsindən məhrum olan uşaqlar üzləşir".

O vurğulayıb ki, sahibkarın vəzifəsi dövlətin və cəmiyyətin bu istiqamətdə səylərinə dəstək vermək, uşaqların təhlükəsiz yaşaması üçün fövqəladə, müharibə vəziyyətlərində uşaq hüquqlarının gerçəkləşməsində yardımçı olmaqdır.

UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard dəyirmi masada bildirib ki, uşaqların hüquqlarının tapdalanması gələcəkdə onların həyatına mənfi təsir göstərə bilər və bütövlükdə cəmiyyətə mənfi təsir göstərə bilər.

O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var:

"Uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Bizneslər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərinin nəzərə almalıdırlar".

Herevard vurğulayıb ki, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak edək:

"Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirələr aparılan zaman bəzən uşaqların hüquqları nəzərə alınmır. Biznes düzgün istiqamətə yönəldiyi halda uşaq həyatına müsbət təsir göstərə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti