...

Fizuli Ələkbərov "Facebook" vasitəsilə vətəndaşların müraciətlərini cavablandırdı (FOTO)

Cəmiyyət Materials 24 May 2013 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Facebook" səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətləri cavablandırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeydə alınmış 70-ə yaxın müraciətin cavablandırılması zamanı onların bir qisminin sorğu xarakterli olması səbəbindən həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilib. Digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinə tapşırıq verilib və bu barədə müraciət müəllifləri məlumatlandırılıb.

Bəzi müraciətlərdə isə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər ifadə olunduğundan onların aidiyyəti üzrə qurumlara göndərilməsi tövsiyə olunub. Müraciətlərə baxılması zamanı ayrı-ayrı vətəndaşların xahişi nəzərə alınaraq onların aktiv sosial müdafiə tədbiri olan "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiala malik olub-olmamalarının araşdırılması tapşırılıb.

Tədbirin davamı kimi, nazir Fizuli Ələkbərov Gəncə bölgəsində yaşayan daha 4 nəfər vətəndaşı videokonfrans sistemi vasitəsilə distant formada qəbul edib (həmin şəxslərdən biri nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə nazirə müraciət etmişdi).

Bu tədbir, habelə 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi müraciətlərin qəbul ediləcəyi barədə əvvəlcədən KİV-də məlumatlar yerləşdirilmişdi. Son iki gün ərzində bu xəbər təkcə nazirliyin rəsmi "Facebook" səhifəsi üzrə ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, belə tədbirin təşkili 4200-dək izləyici tərəfindən bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınıb. Ümumilikdə 100-ə yaxın müraciət ünvanlansa da, onların bir qismi müraciətin məzmununun anlaşılmaması, müraciət müəllifinin ad və soyadının, ünvanının bildirilməməsi, yaxud tam ifadə olunmaması və s. səbəblərdən qəbul edilməyib.

Qeyd edək ki, sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin qəbul olunaraq cavablandırılması bu sahədə ilk addım olmaqla, vətəndaşların nazirliyə, habelə nazirliyin rəhbər şəxslərinə müraciət imkanlarının genişləndirilməsi istiqamətində görülən növbəti işlərdən biridir. Bununla yanaşı, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaşların qəbulu, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az saytı vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti