Azərbaycan, Bakı, 9 iyul /Trend/
Azərbaycan Prezidenti yanında Gənclər Fondu iyunun 27-də elan etdiyi növbəti qrant müsabiqəsi ilə əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirir.
Trend-in məlumatına görə, layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçirilən təqdimatlar artıq Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) baş tutub.
Region gənclərinin böyük marağına səbəb olan təqdimatlar gənclərin suallarının cavablandırılması ilə davam edib.
Qeyd edək ki, regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edirlər. İyul 9-da növbəti təqdimatlar Şəki, Biləsuvar, Zaqatala və Lənkəranda keçiriləcək.Növbəti günlərdə təqdimatlar Abşeron, Masallı, Göyçay, Yevlax, Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.