Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/
Ali Məhkəmə "Hərbi qulluqçuların icbari sığortası haqqında" qanunun şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, 1997-ci ilə qədər hərbi qulluqçular həlak olduqda, xəsarət aldıqda "Hərbi qulluqçuların statusu haqqında" qanuna uyğun sığortalanırdı. 1997-ci ildə isə "Hərbi qulluqçuların icbari sığortası haqqında" qanun qanun qəbul edilib. Həmin qanunla sığorta ödənişlərinin məbləği az olduğundan 2006-cı ildə qanuna müvafiq dəyişikliklər edilib və sığorta məbləğləri artırılıb.
Qanuna bu dəyişikliklərdən sonra xüsusən 1992-97-ci illərdə xəsarət almış hərbi qulluqçular sığorta ödənişlərinin yeni dəyişikliklər əsasında hesablanması ilə bağlı müraciət ediblər. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişlərinə edilən artımları verməkdən imtina edib. İmtina qərarını onunla əsaslandırıb ki, qanuna dəyişikliklər 2006-cı ildə edilib və qanun geriyə şamil oluna bilməz. Məhkəmələr bu qəbildən olan şikayətlərə baxarkən 2006-cı ildə qəbul edilmiş qanunun qüvvəsini geriyə şamil edərək şikayətləri təmin edib.
Ali Məhkəmə müraciətində "Hərbi qulluqçuların icbari sığortası haqqında" qanuna 2006-cı ildə edilən dəyişikliklərin geriyə şamil olunub-olunmamasının və iddia müddətinin tətbiqi ilə bağlı məsələyə şərhə verilməsini xahiş edir.
Ali Məhkəmənin müraciətinə iyulun 30-da Konstitusiya Məhkəməsinin Plenumunun iclasında baxılacaq.