...

Elşad Abdullayevin işi ilə bağlı ittiham olunan Baş nazirin müavininin sabiq köməkçisinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 18 İyul 2013 13:25 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Elşad Abdullayevin işi ilə bağlı ittiham olunan Baş nazirin müavininin sabiq köməkçisinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Vaqif Hüseynin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə təqsirləndirilən şəxsin vəkili Elman Mustafayev verdiyi apelyasiya şikayətinin dəlillərini müdafiə edib.
Məhkəmə baxışı iyulun 25-nə təyin edilib.

Vaqif Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin öncə yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aparılmış istintaqla müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən etibarən tanıdığı və yaxın ünsiyyətdə olduğu Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə V.Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayev tərəfindən ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarıb, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib. İstintaq zamanı V.Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaqla həmçinin müəyyən edilib ki, E.Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirtdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib. Qeyd olunanlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti