Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 20-də güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
İyulun 20-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
İyulun 21-də Bakı və Abşeron yarımadasında külək kəsəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 20-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə, əsasən şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.