...

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün növbəti müsabiqə keçirilir

Cəmiyyət Materials 24 İyul 2013 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu elan edir.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə 2013-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə göndəriləcək. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Həmçinin, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi ilə Türkiyə Baş Qərargahı arasında razılaşdırılmış 2013/2014-cü təlim-tədris ili üzrə kurs planına əsasən, 2012/2013-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunur.

Bu müsabiqədə də 2013-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə təqdim olunacaq.

Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 1 nəfər namizəd Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar, pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərcliklə təmin olunurlar.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 30-u və 31-i TQDK-ya müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti