...

TQDK ittihamlara cavab verdi

Cəmiyyət Materials 10 Sentyabr 2013 17:28 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun adıçəkilən komissiyanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
TQDK ittihamlara cavab verdi

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun adıçəkilən komissiyanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə açıqlamasında bildirib ki, M.Bayramovun fikirləri ilə razılaşmaq olmaz və bu fikirlər qeyri-peşəkardır.

Onun sözlərinə görə, orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbini qəbul imtahanlarının ağır olması ilə əlaqələndirmək düzgün deyil: "Əgər o, təhsil təşkilatçısı kimi təhsildə problemlərin olması ilə bağlı fikirlər səsləndirirsə, belə çıxır ki, bu təşkilatçıların özlərində müəyyən problemlər var. Bunun nəticəsində də məktəbdən yayınma halları baş verir. Qoy, onlar bunun səbəblərini başqa yerdə axtarmağa çalışsınlar".

E.Nağızadə deyib ki, 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının yekun statistik təhlili hələlik aparılmayıb. Bu araşdırmaların Təhsil Nazirliyi ilə birgə aparılması nəzərdə tutulur:

"Biz təəssüf edirik ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinin açıqlaması ümumi işlərə zərər verən və qeyri-peşəkar fikirlərdir. Hiss olunur ki, hörmətli Məhəmməd Bayramov biliyin qiymətləndirilməsi sahəsi üzrə o qədər də məlumatlı adam deyil. Amma bundan fərqi olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyində təmsil olunan şəxslər və əməkdaşlar biliyin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən dünyanın ən aparıcı təşkilatlarının üzvləridir. TQDK sədri Məleykə Abbaszadə biliyin qiymətləndirilməsi üzrə Şərqi Avropada seçilmiş iki mütəxəssisdən biridir. Məhəmməd Bayramovun hər hansı araşdırma aparmadan bu fikirləri bildirməsi və onların hansı araşdırmalara əsaslanması məlum deyil".

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov Bakının təhsil işçilərinin sentyabrda keçirilən konfransında çıxışı zamanı TQDK-nın ünvanına bəzi ittihamlar irəli sürüb. O, qeyd edib ki, orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır. Qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti