...

“AtaTravel”in təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin təqdimatı keçirilib

Cəmiyyət Materials 7 Oktyabr 2013 11:34 (UTC +04:00)
“AtaTravel” MMC-nin təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin, mehmanxanaların və mətbuat nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair tədbir keçirilib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.
“AtaTravel”in təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"AtaTravel" MMC-nin təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin, mehmanxanaların və mətbuat nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair tədbir keçirilib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

Tədbirin açılışında "AtaTravel" MMC-nin direktor müavini Ərtoğrul Qafarov bildirdi ki, bu ilin iyun ayında iki ölkə arasında birbaşa aviareys açıldıqdan sonra turist axını artıb. Artıq Macarıstana məxsus "Wizz Air" şirkətinin həftədə iki dəfə yerinə yetirildiyi reyslərdə yerlərin 80% dolur. Həftə ərzində iki istiqamətdə 600-ə yaxın turist daşınır. Macarıstanın turizm şirkətlərinin mehmanxanaların və KİV nümayəndələri Azərbaycanda infoturda iştirak edirlər. Keçirilən qarşılıqlı səfərlər iki ölkə arasında turist axınlarının daha da artmasına öz müsbət təsirini göstərəcək.

Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Macarıstandan gəlmiş qonaqlar ölkələrin turizm imkanları haqqında təqdimatlarla çıxış etdilər. Macarıstanın turizm məkanlarında fəaliyyət göstərən müxtəlif turizm şirkətlərinin nümayəndələri maraqlı təqdimatlarla yadda qaldılar. Onlar Macarıstanın gözəl, müalicəvi turizm məkanları, füsunkar təbiəti və bunlardan bir turist kimi faydalanmaq barədə təfərrüatı ilə məlumat verdilər. Buraya müxtəlif dərəcələrdə istiliyə və tərkibə malik olan, şəfaverici termal sulardan tutmuş, əsrarəngiz Balaton gölündə istirahətə, macəralı ov turizminə, əlamətdar tarixi yerlərə qədər olduqca maraqlı təqdimatlar vardı. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstana turist səfəri qiymətlərin ucuzluğu və münasibliyi ilə seçilir. Burada "büdcə" turizmindən tutmuş, lüks turizm səfərinə və istirahətinə qədər bütün səviyyələrdə xidmət təklif olunur. Tədbirdə çıxış edən Macarıstan səfiri və həmçinin konsulu da Azərbaycanla Macarıstan arasında son dövrlərdə olduqca sürətlə inkişaf edən münasibətlər barədə razılıqlarını bildirdilər. Buraya siyasi sfera, ticarət dövriyyəsi, təhsil, turizm sahələri aid edildi.

Macarıstanın "1000 yol" qabaqcıl turoperatorunun rəhbəri Aleksandr Baranov dedi ki, Macarıstan gözəlliyinə görə bənzərsiz təbiətə, qədim tarixi abidələrə və zəngin mədəniyyətə malikdir. Turistləri burada həm də yüksək olmayan qiymətlər cəlb edir. Budapeştin özü, coğrafi mövqeyi, qədim küçələri, məftunedici memarlığı ilə baş turizm obyektidir. Son vaxtlar Azərbaycan vətəndaşları Macarıstana turist səfərlərinə böyük maraq göstərirlər. Bu işdə "Wizz Air" aviaşirkətinin Budapeşt-Baku birbaşa aviareysinin də az rolu olmamışdır.

Həmçinin sonda turizm şirkətlərinin və KİV-lərin nümayəndələri üçün Macarıstana 2 nəfərlik səyahət nəzərdə tutan lotereya uduşu keçirildi. Tədbir bitəndən sonra Azərbaycanın və Macarıstanın turizm şirkətləri arasında görüşlər keçirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti