...

Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarına dair təkliflər hazırlanır

Cəmiyyət Materials 10 Oktyabr 2013 15:32 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul edib.
Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarına dair təkliflər hazırlanır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul edib.

FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əhəmiyyətli su anbarlarının istismarının lazımi səviyyədə təşkili və onların işlək vəziyyətdə saxlanılması, habelə həmin agentliyin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qəbul edilən qərara əsasən, 2013-cü ildə Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan FHN-ə 1.700.000 (bir milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılacaq.

Bundan əlavə, artıq qüvvəyə minən qərara əsasən, bundan sonra Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından müvafiq olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini Su Ehtiyatları Dövlət Agentliyinə ödəyəcəklər.

Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyi birgə razılıq əsasında Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyinə tapşırılıb ki, FHN-ə ayrılacaq 1.700.000 (bir milyon yeddi yüz min) manat məbləğində vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin, Agentliyinin tabeliyində olan qurumların saxlanılması üçün 2014-cü il dövlət büdcəsinin layihəsində vəsait nəzərdə tutsun. Fövqəladə Hallar Nazirliyinə isə tapşırılıb ki, bu qərardan irəli gələn digər məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti