Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə "Uşaq hüquqları aylığı" keçiriləcək. Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Məlumata əsasən, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Azərbaycanın insan hüquqları üzrə müvəkkili aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara və digər qurumlara müraciət ünvanlayıb.
Aylıq çərçivəsində Azərbaycanın şəhər və rayonlarında uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edən "dəyirmi masa"lar, treninq-seminarlar keçiriləcək, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunacaq.
Azərbaycanda "Uşaq hüquqları aylığı" keçiriləcək
Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə "Uşaq hüquqları aylığı" keçiriləcək.
