...

Azərbaycan Avropa Gənclər Klubları Konfederasiyasına tamhüquqlu üzv oldu (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2013 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. 20-dən artıq Avropa ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.

Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Kiprin Limassol şəhərində qurumun Baş Assambleyası və İdarə heyətinin iclası başlayıb. Ötən gün keçirilmiş yekun iclasda Azərbaycanın Konfederasiyadakı statusu müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi ətraflı təqdimat edib və və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Daha sonra Mərkəzin nümayəndəsinin iştirakı olmadan qapalı müzakirələr aparılıb və səsvermə keçirilib. Nəticəyə əsasən, Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan adından quruma tamhüquqlu üzvlüyü təsdiq olunub.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin sözlərinə görə, Konfederasiyaya tamhüquqlu üzvlükdən öncə müşahidəçi və assosiativ üzv olmaq vacib şərtdir: "Təşkilatların göstəriciləri nəzərə alınmaqla, hər bir üzvlük statusunu almaq üçün ən azı 2 il gözləmək lazımdır. Lakin Gənclər üçün Təhsil Mərkəzi bir sıra göstəricilərinə görə ötən ilin iyun ayında birbaşa assosiativ üzv qəbul edilib. Üzərindən 2 il keçməmiş Mərkəzi tamhüquqlu üzv kimi bu quruma qəbul etdilər. Bu həm ölkəmizin nüfuzuna, həm də Mərkəzin effektiv fəaliyyətinə verilən qiymətdir. Yeri gəlmişkən qeyd edim ki, Ermənistan nümayəndəsinin də təmsil olunduğu Assambleyada iştirakçıların hamısı Mərkəzin lehinə səs vermişdirlər".

Qeyd edək ki, yaxın günlərdə Mərkəz bu nüfuzlu quruma üzv olması ilə bağlı təqdimat mərasimi keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti