...

Millət vəkili: Azərbaycanda erkən nikahların qarşısı maksimum dərəcədə alınıb

Cəmiyyət Materials 1 Noyabr 2013 12:33 (UTC +04:00)
Azərbaycanda qanunvericiliyə müvafiq dəyişiklik ediləndən sonra erkən nikahların qarşısı maksimum dərəcədə alınıb.
Millət vəkili: Azərbaycanda erkən nikahların qarşısı maksimum dərəcədə alınıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qanunvericiliyə müvafiq dəyişiklik ediləndən sonra erkən nikahların qarşısı maksimum dərəcədə alınıb. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

O qeyd edib ki, əvvəllər erkən nikahlara görə inzibatı məsuliyyət var idi. Ancaq sonradan qanunvericilik bir qədər sərtləşdirildi. Mövcud qanunvericiliyə əsasən, erkən nikahlara, qadını nikaha məcbur etməyə görə valideynlərin də məsuliyyəti var. Bu hal həm cərimənin ödənilməsini tələb edir, həm də cinayət məsuliyyəti yaradır. Bu isə erkən nikahların sayına xeyli təsir edib: "Bununla bağlı həm maarifləndirici işlər aparıldı, həm də qanunvericilikdə dəyişikliklər etdik. Hesab edirəm ki, hələlik bunun kifayət qədər təsiri var və belə halların maksimum qarşısını ala bilmişik. Belə hallara görə məsuliyyət yarandığı üçün artıq heç kim -nə icra nümayəndəsi, nə də din xadimi bunun məsuliyyətini öz üzərinə götürmək istəmir".

C.Qənizadə bildirib ki, əgər qanunvericilik bu gün tələblərə cavab verməsə, onu daha da sərtləşdirə bilərlər. Ancaq onun fikrincə, birdən-birə daha yüksək məbləğdə cərimələrin tətbiqi və daha çox cəzaların təyin olunması məqsədəuyğun deyil.

Qeyd edək ki, Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə əlavə olunub. Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti