Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində bütün ixtisaslar üzrə təhsil proqramları yenilənəcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na müvafiq olaraq, 2009-cu ildə bakalavriat səviyyəsi üzrə bütün ixtisasların təhsil proqramları təsdiqlənib. Ancaq həmin vaxtdan 5 il keçdiyindən proqramların yeniləşdirilməsinə ehtiyac yaranıb. Bununla əlaqədar olaraq, mütəxəssislər tərəfindən bakalavriat səviyyəsindəki bütün ixtisaslar, o cümlədən pedaqoji ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanır. Həmin proqramlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanacaq.
Ancaq bakalavriat səviyyəsindən fərqli olaraq, magistratura üzrə ixtisasların təhsil proqramlarının dəyişdirilməsinə ehtiyac yoxdur: "Təhsil Nazirliyinin 1463 nömrəli 31 avqust 2012-ci il tarixli əmri ilə magistratura səviyyəsinin bütün ixtisasları üzə təhsil proqramları təsdiq edilib. Onların yenidən hazırlanmasına və ya təkmilləşdirilməsinə lüzum yoxdur".