Azərbaycan, Bakı, 20 noyabr /Trend/
"Moskvada kifəyət qədər məscid var". Trend-in məlumatına görə, bunu "Komsomolskaya pravda" qəzetinə müsahibəsində Moskva meri Sergey Sobyanin deyib.
S.Sobyanin bildirib ki, müsəlmanların dini bayramlarına əsasən digər regionlardan, Moskva vilayətindən dindarlar gəlirlər: "60 faizdən 70 faizədək gəlmələrdir. Amma biz bütün arzu edənləri təmin edə bilmərik".
Moskva meri yeni məscidlərin tikintisinə icazə vermədiyini bildirib. Onun sözlərinə görə, təkcə Olimpiya İdman Kompleksinin yanında yeni məscid binasının tikintisi davam edir.
Mer qeyri-leqal miqrantlarla bağlı mühüm mövzuya da toxunub. S.Sobyanin xatırladıb ki, hələlik iqtisadiyyat hazırda Rusiyada çalışan miqrantlar olmadan keçinə bilməz. Onun fikrincə, miqrasiya proseslərinə sərt şəkildə nəzarət etmək lazımdır: "Məsələn, "rezin mənzillər"in yaranmasının qarşısını almaq, mənzil kirayəsi üçün toplanan vergini diqqətlə izləmək lazımdır".
Bununla yanaşı, paytaxt meri iki il ərzində belə vergilərin həcminin demək olar ki, altı dəfə artdığını razılıqla qeyd edib. Belə ki, bu il 600 milyon rubldan artıq vəsait toplanıb: "Həmin pulları biz məqsədli şəkildə həyətlərin abadlaşdırılmasına, evlərin təmirinə yönəldirik".