...

Dövlətin ayırdığı pulu talamaqda adı hallanan Dilçilik İnstitutunun direktor əvəzi barəsində yazılanlara münasibət bildirdi

Cəmiyyət Materials 20 Noyabr 2013 13:37 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli ölkə prezidentinin sərəncamı ilə bu müəssisənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılan 2 milyon manat vəsaitin onun tərəfindən talanması barədə yayılan məlumatları təkzib edib.
Dövlətin ayırdığı pulu talamaqda adı hallanan Dilçilik İnstitutunun direktor əvəzi barəsində yazılanlara münasibət bildirdi

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli ölkə prezidentinin sərəncamı ilə bu müəssisənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılan 2 milyon manat vəsaitin onun tərəfindən talanması barədə yayılan məlumatları təkzib edib.

F.Veysəlli Trend-ə bildirib ki, dövlət büdcəsindən ayrılan 2 milyon manat maliyyə vəsaitinin onlar tərəfindən mənimsənilməsi barədə mətbuatda yazılan məlumatlar yalandır.

Onun sözlərinə görə, həmin vəsait AMEA-nın sabiq prezidenti Mahmud Kərimovun dövründə ayrılıb. Ancaq bu vəsait Dilçilik İnstitutunun büdcəsinə yatırılmayıb: "Həmin vəsait akademiyanın büdcəsinə yatırılıb. Mənim maliyyə mənbələrinə qəti əlim çatmır. Mən nə 1 manat almışam, nə 1 manat vermişəm. Həmin vəsait hesabına alınan kompüter, noutbukların təzə, ya köhnə olmasına mən cavabdeh deyiləm. Mən inspektor deyiləm. Mən siyahını yazmışam ki, mənə filan avadanlıqlar lazımdır. Onlar da bizə alıb veriblər".

İnstitutda 150 nəfərin çalışdığını deyən F.Veysəlli qeyd edib ki, həmin məlumatı yayan şəxslərin kimlər olduğunu bilir. Onların 2-3 nəfər olduğunu deyən direktor əvəzinin sözlərinə görə, institutda onu istəməyən şəxslər var: "Mən bilirəm onlar kimlərdir, ancaq əmr yazıb onları işdən də çıxarmaq istəmirəm. Onlar köhnələrin qalıqlarıdır, yeni fikirləri bəyənmirlər. Gözləyirdilər ki, köhnə əyandakı vəziyyət davam edəcək. Biz isə istəyirik ki, hər şey yeni olsun, əsərlər dərindən, elmi cəhətdən yaxşı yazılsın. Bunu istəməyənlər çoxdur. Ona görə də onlar şər-böhtan yayırlar. Biz yeni istiqamətdə hərəkət edəcəyik və heç bir addım da geri çəkilməyəcəyik. Ancaq mənim oğlumun, qızımın adının bu məsələdə hallandırılması düzgün deyil. Mənim oğlumun, qızımın bu pula ehtiyacı yoxdur. Onlar Avropanın ən gözəl şirkətlərində böyük vəzifədə çalışırlar".

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı "Yeni Müsavat" qəzetinə müraciət edib. Onlar müraciətlərində bildiriblər ki, "bir müddət əvvəl prezidentin sərəncamı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılan 2 milyon manat vəsait institutunun maddi-texniki bazasının gücləndirilməsinə deyil, F.Veysəllinin xaricdə yaşayan oğlunun, ingilis kürəkəninin, eləcə də onun özünün və akademiyanın Rəyasət Heyətindəki səlahiyyətli havadarlarının maddi durumunun genişləndirilməsinə sərf olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti