Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda milli cizgi filmlərinin çəkilməsi üçün yetərli kadr yoxdur. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli qeyd edib ki, cizgi filmləri ilə məşğul olan insanlar ölkə rəhbərliyinə müraciət ediblər: "Ölkədə ilk növbədə kadr hazırlamaq lazımdır. Heç olmasa bir il ərzində 15-20 animator hazırlasaq, bu bizim üçün yetərli olar. Birinci ildə kadr hazırlamaq lazımdır, ikinci ildə isə artıq milli cizgi filmlərinin hazırlanmasına başlaya bilərik".
O bildirib ki, milli cizgi filmlərinin çəkilişi üçün vəsaitə ehtiyac var: "Mən bu vəsaitin MTRŞ-yə ayrılmasını istəmirəm. Bu vəsait müvafiq qurumlara ayrılsın və əsas odur ki, cizgi filmləri çəkilsin, Azərbaycan telekanallarında göstərilsin. Bu sahədə boşluq var. Uşaqlarımız milli cizgi filmləri əsasında tərbiyə olunmurlar. Zamanla bu məsələ də öz həllini tapacaq".
N.Məhərrəmli əcnəbi cizgi filmlərinin tərcüməsində yol verilən nöqsanlara, uşaqlara uyğun olmayan sözlərin tərcüməsi məsələsinə də toxunub: "Çox təəssüf ki, bu fakt var. Bizim televiziya kanallarında bu da peşəkarlıqla bağlı olan məsələdir. Həmin şəxslər başa düşməlidirlər ki, onlar cizgi filmlərini tərcümə edirlər".
MTRŞ sədri qeyd edib ki, xarici ölkələrdə cizgi filmlərini təkcə uşaqlar üçün deyil, eyni zamanda, böyüklər üçün də çəkirlər: "Bəzən böyüklər üçün nəzərdə tutulan həmin cizgi filmlərini Azərbaycanda göstərirlər. Bu doğru deyil. Tərcümədə yetərincə peşəkarlıq olmayanda belə problemlər ortaya çıxır. Ümid edirik ki, xarici filmlərin yerini yerli cizgi filmləri tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ildə 1-2 cizgi filmi çəkilir. Yəni son 6-7 ildə 14-15 cizgi filmi çəkilib, ancaq çox təəssüflər olsun ki, həmin cizgi filmləri ekranlarda görünmür. Çox istərdim ki, onlar da göstərilsin və büdcə hesabına çəkildiyi üçün ödənişsiz olaraq telekanallara verilsin və yayımlansın".