...

Bakı Olimpiya Stadionunun tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə sənədin yekun variantı hazırlanacaq

Cəmiyyət Materials 28 Noyabr 2013 18:40 (UTC +04:00)
Sabunçu rayonu ərazisində inşa edilən Bakı Olimpiya Stadionunun tikintisi və istismarı dövrü üçün "Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi" (ƏMSTQ) sənədinin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin nəzərə alınması məqsədi ilə dinləmələr keçirilir.
Bakı Olimpiya Stadionunun tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə sənədin yekun variantı hazırlanacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Sabunçu rayonu ərazisində inşa edilən Bakı Olimpiya Stadionunun tikintisi və istismarı dövrü üçün "Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi" (ƏMSTQ) sənədinin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin nəzərə alınması məqsədi ilə dinləmələr keçirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, sənədlə ictimaiyyətin sərbəst tanış olmasına şərait yaradılıb. Bu günlərdə keçirilmiş belə tədbirlərin birində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Sabunçu Rayon İcra Hakimiyyətinin, yerli icra orqanları və bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, o cümlədən yerli icmaların nümayəndələri iştirak ediblər. Görüş zamanı 2015-ci ildə 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün, o cümlədən bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisə olduğu vurğulanıb, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, idmana dövlət dəstəyi və bu istiqamətdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib.

Tədbirdə Bakı Olimpiya Stadionunun sifarişçisi olan ARDNŞ-nin nümayəndələri təqdimatlarla çıxış edib, stadionun tikinti və istismarı dövrü üçün hazırlanan ƏMSTQ layihəsinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə ərazisində həyata keçirilmiş rekultivasiya işləri, Böyük Şor gölünün ekoloji bərpası, neft və neft məhsullarından təmizlənmiş ərazilərdə yeni infrastrukturların salınması prespektivləri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Görüş zamanı ƏMSTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib. İctimai dinləmənin nəticəsi kimi, ƏMSTQ sənədi ilə əlaqədar iştirakçılar tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınaraq, sənədin yekun variantı hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti