...

DİN satışı qadağan edilən pirotexniki vasitələrlə bağlı xəbərdarlıq etdi

Cəmiyyət Materials 9 Dekabr 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İ.İzzət/

Vətəndaşlar yanğına və digər xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilən, əhalinin dincliyini pozan, hər hansı yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsi halı ilə rastlaşdıqda Daxili İşlər Nazirliyinin (DİN) "102" saylı zəng xidmətinə müraciət edərək məlumat verə bilərlər.

Bu barədə Trend-ə DİN-nin mətbuat xidmətinin şöbə rəisinin müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, hər il Yeni il bayramı ərəfəsində satışı qanunla qadağan edilmiş pirotexniki məmulatlarla əlaqədar insanlar arasında mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri görülür. Lakin təəssüflər olsun ki, bəzən Yeni il ərəfəsində bu cür məhsulların satışı və istifadəsinə rast gəlmək olur: "Onlardan bəziləri bu vasitələrin satışının qadağa olunduğunu bilsə də, bilərəkdən belə addımlar atırlar. Nəticədə Yeni il ərəfəsində ictimai yerlərdə yüksək səs qabiliyyətinə malik olan oyuncaqlardan istifadə olunur və bu da insanlarda haqlı narazılıq yaradır".

Onun sözlərinə görə, bununla bağlı daxili işlər orqanları Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni daha da gücləndiriləcək:

"Ona görə də vətəndaşlara bildiririk ki, yanğına və digər xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilən, əhalinin dincliyini pozan, hər hansı yüksək səs qabiliyyətinə malik, pirotexniki məmulatların satışı və istifadəsi halı müəyyən olunarsa, dərhal həmin şəxslərə qarşı müvafiq tədbirlər görüləcək, pirotexniki əşya və oyuncaqlar müsadirə olunub məhv ediləcək. Bunun üçün bayram günləri ərəfəsində daxili işlər orqanlarının əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə reydlərə başlanılacaq və pirotexniki vasitələrin satışını həyata keçirən insanlar ciddi cəzalandırılacaqlar".

Qeyd edək ki, bununla bağlı hər il daxili işlər nazirinin müvafiq əmri ilə respublikada keçiriləcək Yeni il bayramı ərəfəsində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə konkret müəyyən edilmiş günlərdə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Həmin günlərdə insanların çox olduğu, ictimai yerlərdə və vətəndaşların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilir, bu məqsədlə polis naryadlarının sayı artırılır, həmçinin ölkədəki strateji, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti