Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Bu gün Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.
Rektor ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb.
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini hər dəfə səsləndirdiyini xatırladan rektor bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib: "Ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır".
Sonra universitetin kafedra müdirləri, professorlar - Ziyafət Əsgərov, Məzahir Pənahov və Cahangir Məmmədli çıxış ediblər.
Tədbirin sonunda universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin ssenarisi əsasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.