Azərbaycan, Bakı, 16 dekabr /Trend/
ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycanda diplomatik missiyasını başa vurması münasibətilə Penitensiar xidmət rəhbərliyi ilə görüşüb.
Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ATƏT-in Bakı Ofisi ilə əməkdaşlığın Penitensiar xidmət rəhbərliyinin daim diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonağa Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib, ATƏT-in Bakı Ofisi ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib.
Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin, eləcə də xidmət əməkdaşları üçün təşkil olunan treninq-seminarların Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var.
ATƏT-in Bakı Ofisinin diplomatik missiyasını başa vurmuş rəhbəri Koray Tarqay qəbula görə minnətdarlığını bildirərək, penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün Penitensiar xidmət rəhbərliyinin yaratdığı şəraitə görə minnətdarlığını və Azırbaycandakı fəaliyyətindən məmnun qaldığını deyib.