...

Bakıda tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödəniləcək

Cəmiyyət Materials 27 Yanvar 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bakıda tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi təmin ediləcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş "Fuad LTD" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə cinayət işi üzrə Teymur Əliyev zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb.

O, qeyd edib ki, "Fuad LTD" MMC tərəfindən Xırdalan şəhərində tikintisi aparılmış binadan 90 kvadratmetr ölçüdə, ümumi qiyməti 34.470 manat olan 2 otaqlı mənzilin alqı-satqısı barədə Cəmiyyətlə T.Əliyev arasında müqavilə bağlanılıb və T.Əliyev aldığı mənzilə görə ümumilikdə 14.409 manat ödəniş edib:

"Hazırda qeyd olunan binanın tikintisini davam etdirən "Abşeron 2013" MMC tərəfindən T.Əliyevə dəymiş ziyanın ödənilməsi məqsədilə ona mənzil verilməsi təklif olunub, lakin sonuncu həmin təklifi rədd edərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. Zərərçəkmişin tələbi ilə əlaqədar "Abşeron 2013" MMC tərəfindən T.Əliyevə dəymiş ziyanın ödənilməsi təmin ediləcək".

Qeyd edək ki, məcburi köçkün T.Əliyev bir müddət əvvəl mətbuata açıqlamasında ona dəymiş ziyanın ödənilmədiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti