Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/
"Azinterpartlayış-X" MMC-nin direktor müavini barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azinterpartlayış-X" Məhdud Məsuliyyətli Cəmiyyətində əməkhaqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırma zamanı 2011-2013-cü illərdə Cəmiyyətdə işləmiş S.Kərimova hesablanmış 7.500 manat məbləğində əməkhaqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.