...

Bakı Ali Neft Məktəbində “Gənc mühəndislər klubu” yaradılıb

Cəmiyyət Materials 4 Fevral 2014 10:33 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Gənc mühəndislər klubu” yaradılmışdır.
Bakı Ali Neft Məktəbində “Gənc mühəndislər klubu” yaradılıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) "Gənc mühəndislər klubu" yaradılmışdır.

BANM-dən Trend-ə verilən məlumata görə, "Gənc mühəndislər klubu" orta məktəblərin 7-11-ci siniflərində oxuyan şagirdlərə gələcəkdə mühəndis ixtisasları üzrə təhsillərini davam etdirmək və karyera uğuru qazanmaq üçün peşəyönümlü biliklər vermək və ixtisas seçimində yardım göstərmək məqsədilə yaradılmışdır.

"Gənc mühəndislər klubu" Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərəcək və öz işini Bakı Ali Neft Məktəbinin, ARDNŞ-nin İnsan Resursları Departamentinin, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin və digər müəssisə və təşkilatlarının maddi-texniki bazası, informasiya resursları və kadr potensialından istifadə əsasında quracaqdır.

"Gənc mühəndislər klubu" öz fəaliyyətini müvafiq şəhər və rayon təhsil idarələri və şöbələri, orta məktəblərin, liseylərin və hazırlıq kurslarının hər biri ilə qarşılıqlı əlaqələr yaratmaq yolu ilə həyata keçirməyi planlaşdırır.

"Gənc mühəndislər klubu" öz fəaliyyətini ictimai əsaslarla, onun layihələrinə cəlb olunmuş əməkdaşların könüllü iştirakı ilə təşkil edəcək və həyata keçirdiyi tədbirlər haqqında geniş ictimaiyyəti daim məlumatlandıracaqdır.

"Gənc mühəndislər klubu"nun əsas vəzifələri aşağıdakılardır:
mühəndislik fəaliyyətinin əhəmiyyəti və özəllikləri haqqında şagirdlər arasında daim maarifləndirmə işlərini aparmaq və onları mühəndis təhsili almağa təşviq etmək; şagirdləri neft-qaz, neft-kimya, neft-qaz mədən avadanlığı, maşınqayırma, energetika, avtomatika sahələrinə aid texnika və texnologiyalar ilə dərs otaqlarında, emalatxanalarda, laboratoriyalarda, sənaye obyektlərində tanış etmək; ARDNŞ-nin ölkədəki və xaricdəki innovasiya layihələrini, onların ölkənin nüfuzunun yüksəlməsi və iqtisadiyyatının inkişafında əhəmiyyətini şagirdlər arasında təbliğ etmək; Bakı Ali Neft Məktəbində və ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində tədris və təlimin təşkilini şagirdlərə nümayiş etdirmək; şagirdləri ARDNŞ-nin müəssisələrindəki texnoloji proseslər ilə bilavasitə tanış etmək.

"Gənc mühəndislər klubu" öz fəaliyyətinin təşkili üçün aşağıdakı üsul və vasitələrdən istifadə edəcəkdir:
- ARDNŞ-nin İnsan Resursları Departamenti tərəfindən şagirdlər müəssisə və təşkilatlarda iş yerlərinin yaradılmasının cari vəziyyəti, yaxın və uzaq perspektivləri haqqında mütəmadi olaraq məlumatlandırılacaq;
- ARDNŞ-nin strukturlarında işləyən mütəxəssislər ilə şagirdlərin görüşləri təşkil ediləcək və onlara mühəndisliyin əsasları və cəmiyyətdə yeri haqqında məlumatlar veriləcək;
- "Gənc mühəndislər klubu"nun üzvləri ilə sosial şəbəkələrdə informasiya mübadiləsi təşkil ediləcək;
- şagirdlər üçün ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlara ekskursiyalar təşkil ediləcək;
- şagirdlər üçün mühəndislik işinin müxtəlif aspektlərini açıqlamaq məqsədilə silsilə mühazirələr təşkil ediləcək;
- Bakı Ali Neft Məktəbində "açıq qapı" günləri keçiriləcək, tələbələrin şagirdlər ilə BANM-də və məktəblərdə görüşləri təşkil ediləcək;
- "Gənc mühəndislər klubu"nun üzvləri tərəfindən məktəblərdə mühəndislik fəaliyyətinə həsr olunmuş guşələr və stendlər təşkil ediləcək;
- məktəblərdə ARDNŞ-nin fəaliyyətinin uğurları haqqında videofilmlər nümayiş etdiriləcəkdir.

"Gənc mühəndislər klubu"nun fəaliyyəti hər tədris ili üçün təsdiq olunmuş Tədbirlər planı əsasında təşkil olunacaqdır.

"Gənc mühəndislər klubu" Bakı Ali Neft Məktəbinin, İnsan Resursları Departamentinin və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşlarının, tələbələrin və orta məktəb şagirdlərinin təmsil olunduğu İdarə heyəti tərəfindən idarə olunur.

İdarə heyətinə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə rəhbərlik edir. İdarə heyətinə həmin kafedranın professoru Siyavuş Azakov, dosent Xanum Cəfərova, ARDNŞ-nin İnsan Resursları Departamentinin əməkdaşları Samirə Təhməzova və Roman Süleymanov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları Zaur Bəşirov və Ziyad Əliyev daxildirlər. Gələcəkdə İdarə heyətinin tərkibinə Bakı Ali Neft Məktəbinin 3 tələbəsi və 7 orta məktəbin hər birindən 1 fəal şagird daxil ediləcəkdir.

İdarə heyəti "Gənc mühəndislər klubu"nun hər tədris ili üçün Tədbirlər planının layihəsini hazırlayır, Bakı Ali Neft Məktəbi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və İnsan Resursları Departamenti ilə razılaşdıraraq təsdiq edir və onun icrasına nəzarəti həyata keçirir.

"Gənc mühəndislər klubu"nun məktəblərdə fəaliyyətini canlandırmaq üçün hər bir məktəbdə 1 müəllimin və 4 şagirdin rəhbərlik etdiyi "Mühəndislik dərnəyi" yaradılır. Bu dərnəklər İdarə heyəti ilə sıx əlaqədə fəaliyyət göstərir və konkret orta məktəb daxilində lazımi tədbirləri həyata keçirir.

Mühəndislik fəaliyyətinə maraq göstərən, gələcəkdə mühəndislik ixtisasları üzrə təhsil almaq istəyən hər bir 7-11-ci sinif şagirdi, adını oxuduğu orta məktəbin "Mühəndislik dərnəyi" nə yazdırmaqla və onun fəaliyyətinə qoşulmaqla "Gənc mühəndislər klubu"nun üzvü ola bilər.

"Gənc mühəndislər klubu"nun hər bir üzvü heç bir məhdudiyyət qoyulmadan klubun fəaliyyəti çərçivəsində bütün tədbirlərdə iştirak etmək hüququna malikdir.

"Gənc mühəndislər klubu"nun hər bir üzvü klubun fəaliyyətinin səmərəsini artırmaq üçün təkliflər vermək, tədbirlər hazırlayib həyata keçirmək hüququna malikdir.

"Gənc mühəndislər klubu"nun hər bir üzvü "Mühəndislik dərnəyi"nin rəhbərliyinə şifahi xəbərdarlıq etməklə istənilən vaxt klubun üzvlüyündən çıxa bilər.

"Gənc mühəndislər klubu" orta məktəb şagirdlərini Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə yaradılmış bu klubun fəaliyyətinə qoşulmağa dəvət edir.

"Gənc mühəndislər klubu"nun İdarə heyəti ilə əlaqəni [email protected] elektron poçt ünvanı və yaxud 521-00-00 (33-032) nömrəli telefonla saxlamaq olar.

"Gənc mühəndislər klubu"nun Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində fəaliyyətinin təşkili ilə bağlı Bakı Ali Neft Məktəbi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanmış və müvafiq razılıq alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti