Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialını təbliğ etmək məqsədilə bu il ərzində 10 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti bu il artıq Türkiyənin İstanbul şəhərində keçirilən EMITT turizm sərgisində iştirak edib.
Azərbaycan bu il ərzində martın 5-9-da Almaniyanın Berlin şəhərində, martın 11-22-də Moskva şəhərində, martın 26-28-də Ukraynanın Kiyev şəhərində, aprelin 23-25-də Qazaxıstanın Almatı şəhərində, mayın 5-8-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, mayın 20-22-də Almaniyanın Frankfurt şəhərində, sentyabrın 23-26-da Fransanın Paris şəhərində, noyabrın 3-6-da Böyük Britaniyanın London şəhərində keçiriləcək beynəlxalq turizm sərgilərində təmsil olunacaq.
Bu il Azərbaycanın iştirak edəcəyi son turizm sərgisi noyabrın 18-20-də İspaniyanın Barselona şəhərində təşkil ediləcək.