Azərbaycan, Bakı, 11 fevral /Trend/
İsmayıllı hadisələrində təqsirləndirilən şəxslərin məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, Məmmədov İlqar Eldar oğlu, Yaqublu Tofiq Rəşid oğlu, İsmayıllı Elşən Səməd oğlu, Abdullayev Mirkazım Mirəzim oğlu, Səmədov Səxavət Xasay oğlu, Şaranov Xəyal Sergey oğlu, Ağamalıyev Səfdər Dadaş oğlu və digərlərinin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
Məhkəmə prosesində iş materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.
İş materiallarında olan təqsirləndirilən şəxs İlqar Məmmədovun istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin izahlı qaiməsinə baxış keçirilməsi haqqında 07.06.2013-cü il tarixli protokol və izahlı qaimə tədqiq edilib.
Qeyd edilən sənədlər tədqiq edilərkən müəyyən edilib ki, 23.01.2013-cü il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhərində kütləvi iğtişaşlar başladıqdan sonra İlqar Məmmədov 23.01.2013-cü il tarixdən 24.01.2013-cü il tarixə keçən gecə saat 00:14, 00:58, 01:12, 01:19, 01:26, 02:38, 02:39-da müxtəlif şəxslərlə, o cümlədən "Real" hərəkatının üzvü Natiq Cəfərovla əlaqə saxlayıb. Antena məlumatlarından görünür ki, İlqar Məmmədovun telefonu 24.01.2013-cü il tarixdə saat 14:41-də Qobustan rayonu Qobustan şəhəri antenasında olub ki, bu fakt onun İsmayıllı rayonuna getməsini təsdiqləyir. Saat 15:39-da onun telefonu İsmayıllı rayonu, Diyallı kəndində, saat 15:46-da isə artıq İsmayıllı şəhəri, Cavanşir küçəsi 30 saylı antenada qeydə alınıb. Saat 15:59, 16:27, 16:40, 16:58-də İ.Məmmədovun telefonu İsmayıllı şəhəri, Cavanşir küçəsi 30 saylı antenada, saat 18:09-da isə İsmayıllı rayonu, Bizlan kəndi antena dairəsində qeydə alınıb. Saat 19:25-də telefonun Bakı-Şamaxı yolu, Qobustan rayonu, Bederli kəndi antenasında qeydə alınması İlqar Məmmədovun Bakı şəhərinə qayıtmasını, saat 20:41-də Bakı şəhəri, Yasamal rayonu 8 saylı İSİS antenasının əhatə dairəsində olması isə Bakı şəhərinə artıq çatdığını təsdiq edir.
Bundan başqa, baxış keçirilməsi haqqında 02.02.2013-cü il tarixli protokoldan və ona əlavə edilmiş internet sosial şəbəkəsinin "livejournal.com" saytında İlqar Eldar oğlu Məmmədova aid http:/ilgarmammadov.livejournal.com/ linkindəki bloqunun, "facebook.com" saytında "İlgar Mammadov" səhifəsindəki yazıların mətni təqsirləndirilən şəxs İlqar Məmmədovun 24.01.2013-cü ildə İsmayıllı şəhərində kütləvi iğtişaşları təşkil etmək və hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərməyə yönələn hərəkətlərini bir daha təsdiqləməklə, onun istintaqa verdiyi ifadələrində İsmayıllı şəhərinə baş vermiş hadisələri müşahidə etmək və təhlillər aparmaq, ictimaiyyət üçün dəyərləndirmək məqsədilə getməsi, yerli sakinlərlə söhbət etməməsi barədə xüsusatları birmənalı olaraq təkzib edir. Belə ki, o, "livejournal.com" saytında ona aid olan http:/ilgarmammadov.livejournal.com/ linkindəki bloqunda 25.01.2013-cü il tarixdə saat 10:39-da yerləşdirdiyi yazıda aşağıda qeyd olunan məzmunlu mətn yazıb: "Artıq iğtişaş böhranı vəziyyətidir".
Qeyd olunan bloqa 29.01.2013-cü il tarixdə saat 23:05-də aşağıdakı məzmunda yazı yerləşdirilib: "Dünən gündüz iki saatdan azacıq çox vaxt İsmayıllıda oldum. Hərəkatımızın İH icra katibi Natiq Cəfərli və media əlaqələndiricisi Nicat Məlikovla. Əvvəlcə telefondan həmin saatlarda Facebook-a yazdıqlarım: - şəhərə girdik. Polis çoxdur və artır. Etirazçılar hər 1-2 saatdan bir toplaşıb çıxış edirlər. İcra hakimiyyəti binasının qarşısındayıq. Polis bu ərazidə 500-ə qədər olar. Yerli vətəndaşlarla söhbət edirik. İvanovkanın rusları da bezib, etiraza dəstək üçün gəlmişlər, yolu kəsib geri göndərdilər. Hamı gecəyə hazırlaşır. Axşam toqquşmaların yenidən başlanacağını "Hamı gecəni gözləyir" postu formasında yazmışdım. Oradakı adamlar deyirdilər "Axşam biz onlara göstərəcəyik, tədarük görmüşük (yəni benzin alınıb, molotovlar üçün). Adamlar acıqlıdır. Vecsizləri və qorxmuşları da var, amma qorxmayanlar dərindən acıqlıdırlar və gecələr aksiyaları davam edəcəklər".
"Facebook.com" saytındakı "İlgar Mammadov" səhifəsinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən onun tərəfindən yazılaraq paylaşılmış aşağıdakı statuslar müəyyən edilib: 24.01.2013-cü il saat 01:47-də "Ölkədə iş elə yerdədir ki, kibriti hansı icmaya, topluma, sosial qrupa yaxın gətirirsən o dəqiqə alovlanır". 24.01.2013-cü il saat 01:07-də "Quba hadisələrinə dair Real hərəkatının hansı tələbləri yerinə yetirildi ki, İsmayıllıda xalq üsyan etməsin?".
Təqsirləndirilən şəxs İlqar Məmmədov tədqiq edilən sənədlərdə yazılan mətnlərin onun tərəfindən yazıldığını, lakin istintaq orqanı həmin mətnləri tam əks etdirmədiyini bildirib.
Məhkəmə prosesi 12 fevral 2014-cü il tarixdə, saat 10:00-da davam etdiriləcək.