...

Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır

Cəmiyyət Materials 25 Fevral 2014 15:43 (UTC +04:00)
Növbəti tədris ili üçün Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 4 filialına tələbə qəbulu aparılmayacaq.
Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üçün Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 4 filialına tələbə qəbulu aparılmayacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi "facebook" səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarına 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb.

Nazirlik qeyd edib ki, AMİ-nin Gəncə filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb.
AMİ-nin hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi AMİ-nin Gəncə filialında ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğunu müəyyən edib. Belə ki, filialın qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirilməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxsləri qanunsuz əmrlər imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti