...

Azərbaycanlı tələbə Malayziyada beynəlxalq forumda Xocalı soyqırımının panel sessiyasına daxil edilməsinə nail olub (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 17:35 (UTC +04:00)
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən “Mahathir Qlobal Sülh Məktəbi” Beynəlxalq Forumunda Xocalı soyqırımı anılıb.
Azərbaycanlı tələbə Malayziyada beynəlxalq forumda Xocalı soyqırımının panel sessiyasına daxil edilməsinə nail olub (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən "Mahathir Qlobal Sülh Məktəbi" Beynəlxalq Forumunda Xocalı soyqırımı anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Forumda ölkəmizi təmsil edən azərbaycanlı tələbə Elmar İskəndərov tədbirdə bütün münaqişələrin qeyd olunduğunu, amma ölkəsində bu günə kimi davam edən münaqişədən söz açılmadığını və bundan iştirakçıların xəbərsiz olduqlarını vurğulayaraq Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını forumun panel sessiyalarına daxil etməyə nail olub.

Tədbir zamanı Dağlıq Qarabağ münaqişəsi və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı etdikləri vəhşiliklərindən və günahsız əhalini amansızcasına öldürərək soyqırım törətmələri haqda geniş məlumat verilib və iştirakçıların "Xocalıya ədalət!" qlobal kampaniyasına dəstək olmalarına çağırış edilib. Forumun iştirakçıları Xocalı soqırımını törədən işğalçı Ermənistanı tənqid edərək işğala son qoymasını tələb ediblər.

Qeyd edək ki, Beynəlxalq Forum sülh və münaqişələrin həll edilməsi üzrə xarici və yerli ekspertlər, sülh üzrə nobel mükafatçıları, Malayziya və İndoneziyanın dövlət rəsmiləri, xarici ölkələrdən 40 sülh fəalının, o cümlədən Malayziya və İndoneziyadan tələbələrin iştirakı ilə keçirilir. Forum 17 fevral - 1 mart tarixlərində Malayziyanın Perdana Qlobal Sülh Fondu və İndoneziyanın Coqcakarta Muhammadiyah Universitetinin təşkilatçılığı ilə Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdində Diplomatiya və Xarici Əlaqələr İnstitunda keçirilir. Beynəlxalq Forumun missiyası dövlətlərarası münasibətlər və diplomatiya, münaqişələrin həll olunması və qlobal sülhə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti