...

"Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihənin icrasına başlanıb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2014 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihənin icrasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə martın 14-də cəmiyyətin ofisində keçirilən mətbuat konfransında layihənin rəhbəri Məlahət Xəlilova məlumat verib.

M.Xəlilova bildirib ki, dövri ədəbiyyatın tipologiyası, fəlsəfə, poetika və problematikasının müəyyənləşdirilməsi, eyni zamanda, dünya ədəbi prosesi üçün səciyyəvi olan axın və meyllərin milli ədəbiyyatda təzahürünün izlənməsində mühüm irəliləyişlər hiss olunur. Layihə rəhbəri təəssüf hissi ilə qeyd edib ki, ədəbi prosesə bu cür əhatəli baxış intensiv xarakter daşımır: "Ümumi səviyyə barədə isə qısaca bunu demək olar ki, bir neçə il öncə, özünüdərk mərhələsində olan müstəqillik dövrü ədəbi prosesləri hazırda ədəbiyyatı dərk mərhələsinə keçməklə həqiqi missiyasını yerinə yetirməkdədir. Ədəbi cərəyanların ədəbiyyat və proses barəsində birtərəfli qaydada hökm çıxarıb, diaqnoz qoymasında subyektivlik halları çox olduğundan birmənalı etimad qazanmır. Deməli, yeni yanaşma üsulları gərəkir və bu baxımdan zaman ədəbi söhbətləri, polemik masaları, virtual müzakirələri gündəmə çıxarır. Son illərdə nəsr, poeziya və dramaturgiyamız yeni əsərlər hesabına xeyli zənginləşib, müxtəlif nəsillərin təmsilçiləri ədəbi prosesdə fəal iştirak edirlər. Dövrü ədəbiyyata yeni cərəyan axınları başlanıb. Bir çox ədəbi cərəyanlar proseslərdə özünü tam təsdiq etməsələr də müəyyən səviyyədə işıqlandırmağa müvəffəq olub".

M.Xəlilova qeyd edib ki, son illərdə ortaya çıxan əsərlər Azərbaycan ədəbiyyatının gələcək taleyi barədə nikbin fikirlər doğurur. Əlbəttə ki, sovet dövrü ilə müqayisədə müstəqillik dövrü ədəbiyyatında müəyyən keyfiyyət fərqləri, ideya-estetik dəyişikliklər baş verir: "Müxtəlif cərəyanlar üzərində yazılan əsərlər, təbii ki, bəzilərini çıxmaq şərtilə çağdaş insanın mənəvi-əxlaqi dünyasındakı dəyişmə və yeniləşmələr, bədii təfəkkürdə gedən inkişafla səsləşə bilir. Müasir Azərbaycan ədəbiyyatında yazılan əsər və nəşr edilən kitablar hərtərəfli və ədalətli təhlilini gözləyir".

Layihə rəhbərinin sözlərinə görə, getdikcə dünyaya daha sıx inteqrasiya olunan müasir ədəbi prosesləri eyni metodologiya və mətnə yanaşma prinsipləri ilə əhatəli şərh etmək çətindir.

M.Xəlilova bildirib ki, ədəbi cərəyanların izlənilməsi və əhatəli şəkildə şərh edilməsi üçün ədəbi proseslərin milli ideologiya və strategiyasının işlənib hazırlanması təxirəsalınmaz vəzifələrdən biri kimi qarşıda durur. Lakin bununla belə Məlahət Xəlilova qeyd edib ki, Azərbaycan ədəbiyyatının tarixi, mənşəyi, predmeti, dövrləri, intibahı, qədim türk epos mədəniyyətindən yazılı ədəbiyyata keçid mərhələsi, bədii, dini-estetik, ideya-fəlsəfi istiqamətlərinin milli və ümumşərq mədəniyyəti kontekstində şərhi verilən bəzi kitablar çağdaş başsız atlı durumundan xilas edə bilən ədəbi strategiya örnəyi kimi çox böyük dəyərə malikdirlər.

M.Xəlilova vurğulayıb ki, son dövrdə ədəbi proseslərdə müəyyən boşluqların doldurulması üçün mətbuatın üzərinə də böyük yük düşür: "Ədəbi proseslərin izlənilməsi və yazılan əsərlərin təhlil edilməsi üçün mətbuat orqanlarında məsələyə xüsusi diqqət yetirilməlidir. Təqdirəlayiq haldır ki, ayrı-ayrı gənc yazarlarımız da məlum kəsiri aradan qaldırmaq üçün təşəbbüs göstərirlər. Onların əsərlərində Azərbaycan ədəbiyyatındakı proseslərin əsas istiqamətlərini əks etdirən bu nümunələr uzun müddət postsovet məkanında eyni ideoloji sistemdə yaşamış ölkələrdəki analoji proseslərin müqayisəsi baxımından xeyli material verir".

Son zamanlarda bəzi yazarların xalqın mental dəyərlərinə uyğun olmayan postmodernist nümunələrə üstünlük verdiyini deyən Məlahət Xəlilova bildirib: "Amma biz nə qədər Avropa elmi-nəzəri fikri ilə inteqrasiyaya cəhd etsək də, unutmamalıyıq ki, Azərbaycan ədəbiyyatı əsas kökləriylə ümumşərq mədəniyyəti və bədii-estetik fikri üzərində formalaşıb. Regionlaşma dövründən sonra bu ənənələrin bir qismi qırılıb. Təəssüf ki, insanların müəyyən qismi təsir altına düşərək açıq-saçıq və heç bir etik keyfiyyətlərə cavab verməyən əsərlərə üz tuturlar. Burada əsas yük tənqidçilərin üzərinə düşür. Və mən bu fikrə çağdaş tənqiddəki rəhmsizlik, ədalətsizlik, qeyri-əxlaqi yanaşma hallarını da əlavə edərdim".

Onun sözlərinə görə, bəzən belə faktlar baş verir ki, tənqid ədəbiyyat tarixində danılmaz yeri olan qələm sahiblərinin, yaxud, çağdaş ədəbiyyatın istedadlı nümayəndələrinin üzərinə yenilik adı altında qərəzli hücumlar edir, ziyalı etikası, mizan-tərəzi bilmərrə unudulur. Təhlil zamanı subyektə şəxsi münasibət yaradıcılığa obyektiv münasibəti önləyir. Bu yolverilməz və bağışlanmazdır. Bu tənqidçi əxlaqına, tənqidçi şəxsiyyətinə, ən başlıcası, professional tənqid prinsiplərinə ziddir. Hesab edirəm ki, tənqidin oxucu ilə yazıçı arasında körpü yaratmaq, ədəbiyyatı tanıtmaq vəzifələrilə yanaşı, bir vəzifəsi də xeyirxahlıqdır: "Yəni, tənqid dağıdıcı yox, qurucu tənqid olmalıdır. Doğrudur, tənqidçi yazıçının əvəzinə əsər yaza bilməz. Amma tənqid, öndə qeyd etdiyim kimi, stimulyator ola bilər. Yəni, tənqidçi sağlam, obyektiv və etik təhlilləri ilə yazıçını yetişdirə, cilalaya bilər. Təəssüf ki, çağdaş Azərbaycan tənqidinin ədəbiyyatı yönləndirməsi faktlarını axtararkən yalnız postmodernizmə yoluxma yada düşür. Gəlin görək, nədir bu postmodernizm? "Mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışığı" və qeyri-ənənəvi mədəniyyət kimi səciyyələndirilən postmodernizm əslində, nihilizmin ən ifrat forması olmaqla özündən əvvəlki bütün ədəbi ierarxiyaları dağıdan destruktiv bir cərəyandır. Sergey Kornevin sözləri ilə desək, "postmodern nihilizm tamamilə əks-mədəniyyət hadisəsidir. O, ilk növbədə Avropa mədəniyyətinə-onun rasionalizminə, sivil pafosuna qarşıdır". Mənşəyini Qərbdən götürən, Qasset, Derrida fəlsəfəsindən qaynaqlanan postmodernizm yarım əsrlik tarixi ərzində dünya ədəbiyyatına bir şey verməyib. Əksinə, Avropanın bütöv bir epoxa ərzində formalaşmış mədəni-estetik strukturunu parçalayıb. Sual oluna bilər; bəs Umberto Eko, bəs Orxan Pamuk, bəs Patrik Züskind və postmodernizmin uğuru sayılan digər örnəklər? Mən hesab edirəm ki, bu yazıçıların postmodernizmə aid edilən əsərləri - nə "Qızılgülün adı", nə "Qara kitab", nə də "Əttar" postmodernizmin uğuru olmayıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur. Təəssüf ki, çağdaş Azərbaycan tənqidi ədəbiyyatımızı milliyyətsiz ölkələrin məhsulu olan və indiyəqədərki mədəniyyəti dağıdaraq onu postmədəniyyətə çevirməyi hədəfləyən bu destruktiv cərəyana sözün əsil mənasında yoluxdurdu. Bu gün ölkədə əli qələm tutan, lakin sözün yerini, çəkisini bilməyən hər kəs qabiliyyətsizliyini postmodernizm pərdəsi altında gizlədir və irad bildirəni də anlamaz, köhnə təfəkkürlü adlandırır. Məsələ diqqətdə saxlanılmalı, tədbirlər planı hazırlanmalı, bəzi ədəbi cərəyanların qeyri-etik normaları barədə insanlar maarifləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti