Azərbaycan, Bakı, 28 mart /Trend/
Gəncə şəhərində təlimçi olmaq istəyən gənclər üçün yeni bir layihəyə start verilir. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində "Qərb Regional Gənc Təlimçilər Akademiyası" adlı layihənin icrasına başlanılacaq.
Aprel ayının 11, 12 və 13-ü tarixlərində keçiriləcək layihənin əsas məqsədi Qərb regionunda təlimçilik sahəsində gənclərdə maraq oyatmaq, onların bu sahədə bilik və bacarıqlarının artırılmasını təmin etmək, eyni zamanda, təlim sahəsində peşəkar mütəxəssislər hazırlamaqdır.
Layihə çərçivəsində 3 gün ərzində təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcək. Təlimçi olmağa həvəsli gənclər sırasından yalnız 15 nəfər gənc seçilərək layihənin iştirakçısı olacaqlar. Layihəni uğurla bitirən gənclər isə sertifikatla təltif olunacaqlar.