...

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2014 13:04 (UTC +04:00)
Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ulu öndərinin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 25-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İrca Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyi (AHTM), Dağ Yəhudiləri Dini İcması, Səbail tank batalyonun birgə təşkilatçılığlı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illiyi münasibətilə anım tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ulu öndərinin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar. Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunov haqqında filmin nümayişi ilə başlayıb. Daha sonra iştirakçılar Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsini bir dədiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açşan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Suraxanı rayonunda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. O, qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyinin (AHTM) rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov deyib ki, Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaq: "Miliyyətcə yəhudi olan Albert Aqarunov Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır".

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Allah eləsin ki, Albertin növbəti ad gününü Şuşada qeyd edək".

Səbail tank batalyonunun sabiq komandiri Hacı Əzimov və Albertin döyüş yoldaşı polis polkovnik-leytenantı Vahid Vəliyev, müdafiə nazirinin sabiq müavini, Bakı şəhər Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Albertin keçdiyi döyüş yolu, onunla olan xatirələrindən danışıb, şəhidlərimizi heç zaman unutmayacaqlarını deyiblər.

Milli Məclisin üzvü Yevda Abramovun fikrincə, Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil: "Şuşada olan hər bir Azərbaycan oğlu Albert kimi hərəkət edərdi. Gələcək nəsillərin tərbiyəsində, məktəblərdə, institularda, ictimai yerlədə Albert kimi qəhrəmanlarımızı nümunə göstərmək lazımdır. Belə insanlar unudulmamalıdır. Bu gün təkcə Albertin yox, bütün şəhidlərimizin, bütün qəhrəmanlarımızın doğum günüdür".

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycandakı qədər azsaylı xalqlara bu qədər diqqət yetirilsin: "Biz Albert kimi döyüşçülərlə fəxr edirik. Gənc nəsil belə döyüşçülərin igidliyindən örnək götürməlidir. Azərbaycanın ən müasir silahla təchiz edilmiş güclü ordusu var. Azərbaycanın bir qarış torpağı da düşmənə verilə bilməz! Azərbaycanın üçrəngli bayrağı Şuşada, Qarabağda dalğalanacaq!"

Çıxış edən digər natiqlər də bildiriblər ki, Albert Aqarunov əsl qəhrəmanlıq nümunəsidir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin keçirilməsi önəmlidir.

Tədbirdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri, kursantlar və digərləri iştirak ediblər.

Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Anım mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rançik Aqarunov jurnalistlərə açıqlamasında qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti