...

Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 29 Aprel 2014 13:42 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə çıxış edən AHİK sədri Səttar Mehbalıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdir.
Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" Respublika müsabiqəsinin yekunları və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə iş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələblərinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən AHİK sədri Səttar Mehbalıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdir.

Onun sözlərinə görə, AHİK tərəfindən əməyin mühafizəsinə həsr olunmuş bir sıra tədbirlər, müsabiqələr keçirilib.

S.Mehbalıyev bildirib ki, son 10 il müddətində AHİK müxtəlif mövzularda "Hər bir iş yerində əməyin mühafizəsi mədəniyyəti", "Layiqli iş yeri, təhlükəsiz əmək", "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə və nəhayət 2009-cu ildən başlayaraq davam edən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı və müəssisəsi uğrunda" respublika baxış-müsabiqəsini təşkil edib, 15 mindən artıq dinləyicini əhatə edən 400 zona seminarı keçirib: "Keçirilən müsabiqələrin əsas məqsədi konfederasiyanın üzvü olan və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatının nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini təmin etmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır. 2013-cü ildə AHİK-in IV qurultayına həsr olunan "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi" uğrunda keçirilən müsabiqədə isə 1500-dən artıq müəssisə iştirak edib".

S.Mehbalıyev əlavə edib ki, 2012-ci ildə iş yerlərində 291 bədbəxt hadisə baş verib, 2013-cü ildə isə 141 belə hal qeydə alınıb: "Bu isə o deməkdir ki, 2012-ci ili 2013-cü illə müqayisə etsək, 20,7 faiz azalma var. Eyni zamanda, iş yerlərində ölənlərin sayında da 10,2 faiz azalama müşahidə olunur. Bu sahələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi diqqət ayrılır. Tikintidə də ölənlər və xəsarət alanların sayında 2012-ci ilə nisbətən azalma var".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə deyib ki, Əməyin Mühafizəsi Fondunun yaradılması mövcud problemlərin aradan qaldırılmasına yardım edəcək. O, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra daha da gücləndirilməli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti