...

Azərbaycan Müəllimlər İnstitutunda inklüziv təhsilə həsr olunmuş Respublika Elmi-praktiki konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2014 22:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

02 may 2014-cü il tarixində Azərbaycan Müəllimlər İnstitutunda "Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları" mövzusunda Respublika Elmi-praktiki konfransı keçirilib.

Konfrans Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin (SHAİB) birgə əməkdaşlığı ilə "World Vision İnternational" Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə "Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı" adlı layihəsi çərçivəsində həyata keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə AMİ-nin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Rahim Əzizov açaraq konfrans iştirakçılarını AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının adından salamlayaraq layihə və müasir dövrdə inklüziv təhsilin əhəmiyyəti haqqında məlumat verib.

Sonra layihənin koordinatoru, SHAİB-in sədri, hüquq elmləri doktoru, professor Mayis Əliyevin "Əlilliyi olan şəxslərin təhsil hüquqlarının reallaşdırılması vasitəsi kimi inklüziv təhsilin hüquqi tənzimi problemləri", Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Deinstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət Uşaq Müəssisələri və Alternativ Xidmətlər şöbəsinin müdiri Həbib Kərimovin "İnklüziv təhsil: mövcud vəziyyət və inkişaf prespektivləri" mövzularında məruzələri dinlənilib.

Çıxışlarda qeyd olunub ki, təhsilin insanın yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yararlı fərd olmasında böyük rolu var. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir.

Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşmaq məqsədini daşıyır. Bu prinsiplərdən biri də təhsilin humanitarlaşması və insan hüquqları standartları ilə uyğunlaşmasıdır.

BMT-nin İnsan Hüquqları Konvensiyasına görə, bütün uşaqlar üçün bərabər təhsil almaq imkanlarının yaradılması və əlil uşaqların cəmiyyətə inteqrasiyası dövlətlərin üzərinə düşür. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirmək çıxış edir.

İnklüziv təhsilin əsas prinsipi kimi birgə təhsil alan uşaqların cəmiyyətdə də birgə yaşaması çıxış edir.

Tədbirdə professor M.Əliyev Əlil Təşkilatları İttifaqı tərəfindən "Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsilin inkişafında xidmətlərinə görə" AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlının təltif olunduğunu bildirərək fəxri fərmanı təqdim edib. Eyni zamanda, AMİ-də fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin koordinatoru Aynur Vəliyevaya SHAİB tərəfindən "İnklüziv təhsillə bağlı təlimçi funksiyasını yüksək səviyyədə yerinə yetirdiyinə görə" fəxri fərman təqdim olunub.

Plenar iclasın sonunda xüsusi qayğıya ehtiyacı olan və inklüziv təhsilə cəlb edilmiş uşaqların ifasında hazırlanmış rəqslər izlənilib və uşaqların rəsm əsərlərindən, əl işlərindən ibarət sərgiyə baxış keçrilib.

Daha sonra beş bölmə üzrə işini davam etdirən konfransda məktəbəqədər təhsil pilləsində inklüziv təhsilin təşkili, tam orta məktəblərdə inklüziv uşaqlarla yaranan problemlər və onların həlli yolları, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzrə görülməli işlər və inklüziv təhsilə cəlb edilmiş uşaqlarla işləyən müəllimlərin təlim-tədris metodikası mövzularında 65 məruzə dinlənilib və müzakirələr aparılıb.

Konfransla bağlı müzakirələrdə AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, Əlil Qadınlar Cəmiyyətinin Prezidenti Məhluqə Rəhimova, UAFA-nın Yasamal icma əsaslı reabilitasiya mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva və digərləri çıxış edərək konfransın əhəmiyyətini və inklüziv təhsilin Azərbaycanda daha geniş şəkildə tətbiq edilməsi imkanlarını vurğulayıblar.

Qeyd edək ki, layihə çərcivəsində Azərbaycan Müəllimlər İnstitutunda İnkluziv Təhsil Mərkəzi yardılıb və Mərkəz 275 adda kitabla, kompyuter, notbuk, mebel və digər əyani vəsaitlərlə təchiz olunub. Artıq bir sıra mühüm fəaliyyətlər reallaşdırılmış və "Xüsusi qayğıya eytiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları" mövzusunda 15 təlim keçirilib. Təlimlərdən 6-sı Bakıda, 9-u isə Azərbaycan Müəllimlər İnstitutunun filiallarında (Şəki, Zaqatala, Salyan və Cəlilabad) həm inklüziv təhsilə cəlb ediləcək pedoqoji kadrlar, həm də sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün keçirilib.

Konfransda dövlət qurumlarının, təhsil problemləri ilə bağlı təşkilatların nümayəndələri, QHT və KİV nümayəndələri, müxtəlif təhsil müəssisələrindən, o cümlədən AMİ-nin filiallarından gəlmiş pedaqoqlar iştirak ediblər. Onu da qeyd edək ki, konfransa təqdim olunmuş məqalələr çap olunaraq iştirakçılara təqdim olunub.

Xəbər lenti

Xəbər lenti