Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün mayın 4-də "Azərbaycan dili" fənni üzrə keçirdiyi imtahanın nəticələrini açıqlayıb.
Trend komissiyaya istinadən məlumat verir ki, imtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçirilib.
İmtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri qeyd olunan müsabiqə şərtini ödəyib və "məqbul" qiyməti alıblar. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.
Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün "Azərbaycan" dili fənni üzrə ikinci imtahan iyulun 3-də keçiriləcək.