...

"Azəryolservis" ASC: Sürücülər işlərin aparılmasına mane olur (FOTO)

Cəmiyyət Materials 12 May 2014 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Bakıda Ziya Bünyadov prospektində (Dərnəgül yolu) avtomobillərin necə gəldi girib-çıxması, harada gəldi saxlanması yolun tikintisinə əngəl törədir. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Bakıda Böyük Şor qəsəbəsindən şəhər istiqamətində, yolun sol tərəfində ikiqat asfalt-beton örtüyü müəyyən qədər vurulub. Orada yol 3 hissəyə bölünərək işlər mərhələli şəkildə görülür. Hazırda yolun sağ tərəfində, yəni yolun şəhərdən Böyük Şor istiqamətində olan hissəsində tikinti aparılır. Lakin avtomobillər işlərin gedişinə mane olur: "Ziya Bünyadov prospektinin Böyük Şordan Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək hissəsində ikiqat asfalt-beton örtüyünün vurulması işlərinin iyun ayının axırınadək başa çatdırılması nəzərdə tutulub. Lakin məsələ ondadır ki, sürücülər bizə imkan vermirlər ki, işləri nəzərdə tutulan vaxtda bitirək. Bu da ümumilikdə işlərin gecikməsinə səbəb ola bilər. Avtomobillər məhəllədaxili küçələrdən tikinti aparılan yola necə gəldi girirlər. Biri nəsə satır, biri avtomobilini təmir etdirir, digəri yolun digər tərəfinə, o biri bu tərəfinə keçir. Yəni həmin ərazidə texnikamız normal şəraitdə işləyə bilmir. Məsələ ondadır ki, ərazidə avtomobillərin hərəkətinə tam məhdudiyyət də qoymaq mümkün deyil".

Ona görə də "Azəryolservis" ASC çıxış yolunu həmin ərazidə yaşayıb işləyən sürücülərə müraciət etməkdə görür: "Yaxşı olar ki, imkan versinlər və biz də işimizi görüb bitirək. Biz işimizi nə qədər tez bitirsək, elə onlar üçün də yaxşı və rahat olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti