...

Akif Əlizadə: Azərbaycanda gənc alimlər beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidirlər

Cəmiyyət Materials 27 May 2014 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gənc alimlər su resurslarının problemini öyrənməli və beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidirlər. Trend-in məlumatına görə, bunu bu gün Bakıda öz işinə başlayan "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Akademiya prezidenti bildirib ki, Azərbaycan elminin prioritet istiqamətləri arasında qlobal şəraitdə bizi əhatə edən elmi mühiti, iqlim dəyişikliyini, su resurslarını öyrənmək kimi sahələr daxildir: "Təbii resurslar - neft-qaz zəngin və dərin öyrənilmiş istiqamətdir. Amma su problemi prioritet olaraq qalmaqdadır. Gənclik su resurslarının problemini öyrənməli və beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidirlər".

A.Әlizadənin sözlərinə görə, bu gün elm mütləq inteqrasiya yolu ilə inkişaf etməlidir, yalnız bu halda yeni elmi nəticələr yarana bilər: "Azərbaycan elminin inkişafı üçün prioritetlər müəyyənləşib. Onlar arasında beynəlxalq elm aləmində qəbul olunmuş prioritetlər də öz əksini tapıb".

Qeyd edək ki, iki gün davam edəcək forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.

Tədbirin açılışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti