...

Pirallahıda abadlıq və quruculuq işləri geniş vüsət alır (FOTO)

Cəmiyyət Materials 27 May 2014 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və adablıq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Xatırladaq ki, aparılan tikinti-quruculuq işləri ilə yanaşı, Pirallahının ümumi görkəminə xələl gətirən lüzumsuz taxta və daş hasarlar, qəsəbə boyu baş alıb gedən çəpərləmələr, harada gəldi qoyulmuş dəmir köşklər, insanların və texnikanın hərəkətinə mane olan yöndəmsiz daş hasarlar sökülərək ərazi abadlaşdırılır.

Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətlərdə Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində son aylar ərzində 5000-dən çox müxtəlif ağac tingləri əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.

Rayonda Dövlət Proqramına uyğun olaraq abadlıq-quruculuq işləri dəniz sahili boyu da aparılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.

Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.

Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılmışdır.

Xüsusi vurğulamaq istəyirik ki, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərə hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır, onlara toxunulmur. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.

Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti