...

ETSN-in Xəzərdə monitorinqi: Hansı çimərliklər istifadəyə yararsızdır?

Cəmiyyət Materials 12 İyun 2014 09:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır.
ETSN-in Xəzərdə monitorinqi: Hansı çimərliklər istifadəyə yararsızdır?

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır. Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb.

Aparılan tədqiqatların nəticələrinə görə Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi, (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilib.

2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncama əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb və Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti